RU

“907 ci düzəlişin tamamilə ləğvi üçün kifayət qədər siyasi zəmin formalaşıb” Ekspert

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Donald Tramp administrasiyası sələfinin Azərbaycanla münasibətlərdə qoyub getdiyi neqativ mirası aradan qaldırmaq, ölkəmizlə münasibətləri normallaşdırmaq niyyətindədir”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli ABŞ-Azərbaycan münasibətləri, “907-ci düzəliş”in Konqres tərəfindən mümkün ləğvi barədə danışarkən deyib.

“Məlum olduğu kimi, 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ liderləri arasında olduqca vacib görüş keçirildi. Bu görüş çərçivəsində çox mühüm, əhəmiyyətli razılaşmalar əldə edildi. Bunları nəzərə alsaq, Vaşinqton görüşü iki ölkənin münasibətlərində bir dönüş nöqtəsi hesab edilə bilər. Görünən odur ki, Tramp administrasiyası sələfinin Azərbaycanla münasibətlərdə qoyub getdiyi o neqativ mirası aradan qaldırmaq, ölkəmizlə münasibətləri normallaşdırmaq  niyyətindədir”, - ekspert vurğulayıb.

O əlavə edib ki, Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası Cənubi Qafqazda gedən proseslərə daha rasional, daha praqmatik yanaşma nümayiş etdirir və bütün bunlar bizə ümid verir ki, qarşıdakı perspektivdə də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyini hesab edək:

“8 avqust görüşündən sonra atılan addımlar, xüsusilə iki ölkənin liderləri tərəfindən verilən açıqlamalar ondan xəbər verir ki, hər iki ölkə münasibətləri inkişaf etdirmək üçün sistemli bir strategiya həyata keçirəcək”.

Ekspert söyləyib ki, Vaşinqton görüşündən qısa bir vaxt keçib, ancaq artıq çox vacib açıqlamaların, müəyyən addımların şahidi olduq: “Bu addımlar və verilən açıqlamalar o qənaətə gəlməyə imkan verir ki, iki ölkə Vaşinqton görüşündən başlayaraq, qeyd etdiyimiz kimi, münasibətləri daha da dərinləşdirmək, normallaşdırmaq istiqamətində siyasət həyata keçirəcəklər, əməkdaşlıq edəcəklər. Vaşinqton görüşündə verilən vacib qərarlardan biri ABŞ Prezidentinin məlum ədalətsiz “907-ci düzəliş”in icrasını dayandırması oldu. Nəzərə almaq lazımdır ki, bu düzəlişin tamamilə aradan qaldırılması Prezidentin səlahiyyətində deyil. Yəni bu, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib və həmin düzəlişin tamamilə ləğvi Konqresin səlahiyyətindədir. Lakin Azərbaycan-ABŞ münasibətlərinin indiki səviyyəsinə baxsaq, mən düşünürəm ki, hər halda vaxtilə ölkəmizə qarşı qəbul edilən tamamilə ədalətsiz və qərəzli “907-ci düzəliş”in ləğvi üçün kifayət qədər siyasi zəmin formalaşıb. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri zamanı Konqresdə olduqca mühüm  görüşlər keçirib. Hər halda düşünürəm ki, bu görüşlərin də əsas məqsədlərindən biri ilk növbədə “907-ci düzəliş”in ləğvidir. Bunu tamamilə mümkün hesab edirəm. Əlbəttə ki, Konqresin hər hansı bir qanun qəbul etməsi sadə məsələ deyil. Bunun özünün də çətinlikləri var. Konqresdə Azərbaycan əleyhinə qüvvələrin də olduğunu nəzərə alsaq, bu, sıradan bir məsələ deyil. Eyni zamanda, Konqresin fəaliyyəti ilə tanış olanlar yaxşı bilirlər ki, həmin prosedur, yəni bir qanunun qəbulu, yaxud da onun ləğvi uzun zaman çəkə, müəyyən problemlər yarana bilər. Amma bütün bunlarla bərabər, qeyd etdiyim kimi, hər halda iki ölkə arasında münasibətlərin vəziyyəti və tərəflərin mövqeyi, konseptual yanaşması Konqresin “907-ci düzəliş”i tamamilə aradan qaldıracağı ehtimalını, ümidini artırır. Düşünürəm ki, “907-ci düzəliş” aradan qaldırılarsa, bu, iki ölkə arasında münasibətlərə ciddi şəkildə müsbət təsir göstərəcək”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
525.az

1Источники