RU

İsrailin İrana növbəti hücumunun vaxtı bilindi

Dünya siyasətində gərginliklərin artdığı bir dövrdə yaşayırıq. Böyük güclər arasındakı qarşıdurmalar təkcə onların sərhədləri ilə məhdudlaşmır, bütün regionlara təsir edir. Bu gün Yaxın Şərqin ən təhlükəli fay xətti İsrail və İran arasında yerləşir. Uzun müddətdir səssiz görünən bu qarşıdurma hər an yeni bir müharibəyə çevrilə bilər. Analitiklərin fikrincə, 2025-ci ilin sentyabrından 2026-cı ilin mayına qədər bu toqquşmanın baş verməsi ehtimalı xüsusilə yüksəkdir.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, yer kürəsi kimi, geopolitik nizamın da qırılma xətləri var:

“Yer qabığını meydana gətirən tektonik plitələr kimi, geopolitik lövhələr də mövcuddur. Savaşlar adətən zəlzələr kimi bir-biri ilə sürtüşən və ya çarpışan lövhələrin altında toplanan enerjilərini buraxması nəticəsində baş verir. Geopolitik qırılma nöqtələrindən biri də bizim coğrafiyamızda yerləşir. Söhbət heç də Azərbaycan-Ermənistan arasındakı gərginlikdən getmir. Bizim qırılma nöqtəmiz daha güclü geopolitik plitələrin toqquşması nəticəsində yaranan yan təsirlərdir. Yaşadığımız coğrafiyada əsl qırılma nöqtəsi isə İsrail-İran fay xəttidir. Sirr deyil ki, 12 günlük müharibədən sonra İranla İsrail arasında sakitlik yaranmışdı. Amma bu, hələ İran-İsrail xəttində enerjinin tamamilə boşalması anlamına gəlmir. Əksinə, sözügedən qırılma nöqtəsində səssiz-səmirsiz enerji toplanması yaşanır. Böyük ehtimalla, yaxın zamanlarda bu gərginlik ocağının dəhşətli qırılması ilə üzləşəcəyik”.

OGUZ.jpeg

Siyasi şərhçi qeyd edib ki, geopolitik analizlər hətta bu silkələnmənin dəqiq vaxtını belə göstərir:

“2025-ci ilin sentyabrından 2026-cı ilin mayına qədər zaman aralığında müharibənin yenidən alışacağı şübhəsizdir. Sözsüz ki, bu tarixi aralıq hər hansı əsassız kəhanətin məhsulu deyil. İran-İsrail fay xəttində son zamanlar həqiqətən ciddi enerji toplanması müşahidə olunur və mütəxəssislər bu göstəriciləri hesablayıb məlum tarixi aralığa işarə edirlər”.

Bəs nədir bu göstəricilər?

Heydər Oğuz bildirib ki, iyun ayında İsrailin İrana hücumu zamanı qarşıya qoyduğu böyük hədəfləri vardı:

“Bu hədəflərdən biri İranı nüvə proqramından məhrum etmək, digəri isə onu bir neçə yerə parçalayaraq zərərsiz hala gətirməkdi. ABŞ-ın da dəstəyi ilə İsrail İranın nüvə təsislərinə böyük zərbə vurdu, amma təhlükəni tamamilə aradan qaldıra bilmədi. Hücumlar nəticəsində İran xalqını da rejimin əleyhinə ayaqlandırmağı bacarmayan İsrail əslində 12 günlük savaşın qalibi ünvanını da qazana bilmədi və istər-istəməz bu uğursuzluqlar Tel-Əvivi növbəti müharibəyə sürükləyir. İkinci amil İsrailin növbəti seçki ərəfəsində olması və yaşadığı ciddi siyasi böhrandır.

Məlumdur ki, Netanyahu hökuməti beş partiyanın koalisiyasından ibarət idi - özünün rəhbərlik etdiyi Likud Partiyası, Dini Sionizm Partiyası, Yəhudi Gücü, Yeni Ümid (Tikva Hadaşa), Şas Partiyası və Birləşmiş Tövrat Yəhudiliyi ittifaqı (UTJ). İyun ayında ortadoksal yəhudlərin əsgərliyə cəlb olunmasına etiraz edən Şas Partiyası və Birləşmiş Tövrat Yəhudiliyi ittifaqı koalisiyadan ayrıldı. Beləcə, hökumət 120 yerlik parlamentdə 50 yerlə azlıqda qaldı və legitimliyi mübahisə predmetinə çevrildi. Hələlik, İsrail parlamenti yay tətilində olduğundan Netanyahu hökuməti fəaliyyətini davam etdirə bilir. Amma payız sessiyasına da çox zaman qalmayıb. Oktyabrın 27-də tətildən qayıdan İsrail deputatları Netanyahu hökumətinə son qoya bilərlər. Hökumət düşərsə, Netanyahunun korrupsiya ittihamı ilə məhkəməyə çəkilmə ehtimalı var. Netanyahunu bu bəladan yalnız böyük müharibə xilas edə bilər. Üstəlik, Netanyahu parlamentin payız sessiyasında özünü və hakimiyyətini xilas etsə belə, təxminən 1 ildən sonra növbəti seçkilər başlayacaq. İranla müharibədə yaşadığı uğursuzluq onun reytinqini ciddi şəkildə aşağı salıb. Populyarlığını bərpa etmək üçün Netanyahunun uğur hekayəsinə ehtiyacı var. Bunu da İranla savaşda qazana bilər. Məhz bu səbəbdən də bir çox analitiklər Netanyahunun seçkilərə 6 ay qalmışa qədər savaşa girəcəyini düşünürlər. Çünki seçkilərə 6 ay qalanda artıq təbliğat kampaniyasına vaxt ayırmalı, İranda qazandığı uğurlarla seçicilərinin səsini toplamalıdır”.

Siyasi şərhçi üçüncü amilin İranın P5+1 sazişindən faktiki imtina etməsi ilə əlaqələndirir:

“Məlumdur ki, İran 2015-ci ildə BMT TŞ-nın 5 üzvü və Almaniya ilə nüvə sazişi bağlamışdı. Adına P5+1 sazişi də deyilən bu anlaşmadan ABŞ Trampın hakimiyyətə gəlməsi ilə 2018-ci ildə çəkildi. Odur ki, nüvə silahlarına beynəlxalq nəzarətin yenidən bərpa olunması Avropanın 3 dövlətinin – Böyük Britaniya, Fransa və Almaniyanın ümidinə qaldı. Avqustun sonlarında Avropa üçlüsü ilə görüşən İran rəsmiləri P5+1 sazişinin öhdəliklərini yerinə yetirməyəcəklərini açıqladılar. Avqustun 28-də BMT-yə müraciət edən Avropa ölkələri İrana qarşı yenidən ağır sanksiyalara geri dönmək ricasında bulundular. BMT TŞ-nin bu müraciətə 1 ay ərzində baxacağı və təklifi qəbul edəcəyi gözlənilir. İran üçün ölümcül olacaq bu qərardan sonra rəsmi Tehranın İsrailə hücum edəcəyi ehtimalı var. Əks halda, getdikcə zəifləyən İran İsrailin “Min Xəncər” strategiyası çərçivəsində hücumlara məruz qala bilər. Qeyd edək ki, 2019-cu ildə İsrail tərəfindən qəbul olunan bu strategiya İran rəsmilərini bir-bir aradan götürməklə zəiflətməyi və xalqı rejimin üzərinə qaldırmağı nəzərdə tutur.

Son hədəfi isə İrana bir neçə yerə bölməkdir. Bu zamanadək İran İsrailin “Min xəncər” strategiyasına qarşı özünün “Strateji səbr” taktikası ilə müqavimət göstərirdisə, 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın həyata keçirdiyi “Əqsa tufanı” əməliyyatı ilə həm İranın, həm də İsrailin bir-birinə qarşı məhdud hərbi strategiyaları əsl müharibəyə çevrildi. Son zamanlar İranın Çindən özünümüdafiə silahları alması, eyni zamanda İsrailin də ABŞ-dan aldığı THAAD hava hücumundan müdafiə sistemləri ilə təchiz olunması hər iki tərəfin yaxınlaşan savaşa ciddi şəkildə hazırlaşdıqlarını göstərir. Bir sözlə, bu ilin sentyabr ayının 28-dən 2026-cı ilin mayına qədər cənub sərhədlərimizdə geopolitik lövhələrin yenidən hərəkətə gəlməməsi üçün heç bir səbəb yox kimidir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
11
2
musavat.com

3Источники