RU

“İrəvan Moskva ilə keçmişi arxada buraxmaq istəyir” – ÖZƏL

Ermənistan Prezidenti Vaagn Xaçatryan bildirib ki, ölkəsi artıq Rusiyanın "kiçik qardaşı" deyil və münasibətlər indi tərəfdaşlıq əsasında qurulur. O, İrəvanın müstəqil qərarlarının Moskva tərəfindən nəzərə alınacağına ümid etdiyini vurğulayıb. Xaçatryan həmçinin Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılı qaldığını, lakin Moskvanın da müəyyən mənada Ermənistandan asılı olduğunu qeyd edib.

Maraqlıdır, Ermənistanın Rusiyadan iqtisadi asılılığı davam etdiyi halda, balanslı tərəfdaşlıq mümkündürmü?

"Bu, bir daha onu göstərir ki, Ermənistan uzun illər Rusiyanın forpostu olub. Biz bunu dəfələrlə qeyd etmişdik, amma Ermənistan tərəfi bunu qəbul etmək istəmirdi və deyirdi ki, guya Ermənistan-Rusiya münasibətləri tərəfdaşlıq müstəvisindədir. Təbii ki, belə deyildi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Ermənistan açıq şəkildə Rusiyanın himayəsi altında olan bir ölkə idi və güclü şəkildə Rusiyaya dəstək göstərirdi: "Bu müddətdə aparılan siyasət Ermənistanı həm iqtisadi, həm də hərbi baxımdan tam asılı vəziyyətə gətirdi. İndi isə Nikol Paşinyan mümkün variantlardan istifadə etməklə çalışır ki, Rusiyanın təsir dairəsindən çıxıb Qərbə inteqrasiya olunsun. Amma bu, çox çətin bir prosesdir. Çünki münasibətlər sistemi hazırda kifayət qədər gərgindir. Qərb, Rusiyayla bu qədər problem yaşandığı bir vaxtda Moskva ilə əlaqələrini korlamış bir dövləti öz sıralarına asanlıqla qəbul etmək istəmir. Gürcüstan və Ukraynanın nümunəsi buna misaldır".

Z. Əmrəliyev əlavə edib ki, Ermənistanın iqtisadi vəziyyəti çox ağırdır. Dövlət büdcəsini tam şəkildə dolduracaq, yaxud sənaye və ya turizm sahələrini inkişaf etdirəcək potensialı yoxdur. Yəni Ermənistan mütləq şəkildə kənar qüvvələrin dəstəyi ilə əməkdaşlıq etməyə məcburdur. Bunun yeganə çıxış yolu isə regional layihələrdə fəal iştirak etməkdir. Ermənistan çox əlverişli tranzit mövqeyə malikdir. Lakin Azərbaycan-Ermənistan münaqişəsi və Azərbaycan torpaqlarının işğalı səbəbindən bu imkanlardan yararlana bilmədi.

Siyasi şərhçinin sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra əgər Ermənistan hökuməti münasibətləri normal şəkildə qura bilsə, regional layihələrdə iştirak edə və bundan böyük qazanc əldə edə bilər. Bu halda Ermənistanın nə Rusiyaya, nə də Qərbə öz iqtisadiyyatını qorumaq üçün bu dərəcədə möhtac olmasına ehtiyac qalmaz. Normal regional münasibətlər həm iqtisadi, həm də siyasi baxımdan Ermənistanı gücləndirə bilər. Hazırda Ermənistanın bu fürsəti var. Mən düşünürəm ki, Ermənistan hökuməti bunu dəyərləndirə bilər. 

Ekspert vurğulayıb ki, Prezident Xaçatryanın verdiyi açıqlama da göstərir ki, rəsmi İrəvan Moskva ilə əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil. Halbuki Moskvada bu istək var. Son vaxtlar xüsusilə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu barədə ciddi açıqlamalar verir. Amma Ermənistan Prezidenti səviyyəsində Rusiyaya cavab olaraq bildirib ki, belə bir niyyət yoxdur.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники