RU

Bu, Əliyevin tələbi deyil... – Ermənistanda seçkiləri udan referendumu da udacaq

Dünən İrəvandan ən yüksək səviyyədə Bakı və Ankaraya görünməmiş sayda barışıq və əməkdaşlıq jestləri edildi, mesajlar verildi. Baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan və onun müavini - Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan, həmçinin prezident Vaaqn Xaçatryan və iqtisadiyyat naziri Gevork Papayandan qulağa xoş gələn xeyli açıqlamalar, hətta etiraflar eşitdik.

Simonyan üstəlik, belə bir ifadə işlətdi ki, “Azərbaycan öz yaraları ilə məşğuldur. Onları da başa düşmək lazımdır, biz onların insanlarını öldürmüşük”.

Şübhəsiz, hər şey niyyətə bağlı. “Niyyətin hara, mənzilin də ora” deyiblər. Hərgah zəruri addımlar atılmadığı halda xoş niyyətin də qara qəpiklik dəyəri qalmır...

“Ermənistan hakimiyyəti tərəfindən irəli sürülən konstitusiya dəyişiklikləri Azərbaycanın Ermənistana qarşı tələbləri ilə bağlı deyil”.

Bu sözləri prezidenti Vaaqn Xaçatryan yerli mediaya müsahibəsində bildirib.

“Xeyr, bu, Azərbaycan Prezidenti İlham Əliyevin tələblərinə aid deyil, bununla bağlı deyil. 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə və sonrakı hadisələrlə əlaqəli deyil”, – Xaçatryan vurğulayıb. Ardınca bildirib ki, Ermənistanın indiki hökuməti hələ 2018-ci ildə, hakimiyyətə gəldikdən sonra konstitusiya dəyişikliyini hədəfləyib.

“Ümumiyyətlə, hakimiyyətin arzuları hələ o vaxtdan, bütün bu hadisələrdən əvvəl konstitusiyanı dəyişmək idi, yəni 2018-ci ildən sonra hakimiyyətə gələnlərdən söhbət gedir, məsələ məhz bundan dərhal sonra başlanmışdı və hətta komissiya yaradılmışdı, hökumət işləməyə, müzakirə etməyə başlamışdı. Bu, sülh müqaviləsi ilə bağlı deyil, onsuz da bizə konstitusiyanı dəyişmək lazım idi. Əslində bu konstitusiya bir nəfər üçün – baş nazir üçün yaradılmışdı”, - bu sitat da Xaçatryana məxsusdur...

Bu yerdə xatırladaq ki, Paşinyanın özü bir neçə dəfə hazırkı konstitusiyanın Ermənistan əhalisinin iradəsini tam əks etdirmədiyini, yəni faktiki legitimlik daşımadığını bəyan edib. Ancaq dəfələrlə yazmışıq, bir daha təkrarlayaq: həqiqətən də konstitusiya dəyişikliyi İlham Əliyevin tələbindən çox, beynəlxalq hüququn diktəsidir. Hansı ki, avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın da imza atdığı üçtərəfli Birgə Bəyannamədə, BMT Nizamnaməsində əksini tapıb.

Sözsüz ki, kapitulyant ölkədə “konstitusiya Əliyevin tələbi ilə dəyişdirilir” narrativini məhz radikal-revanşist müxalifət ortaya atıb. Məqsəd sülh sənədini gözdən salmaq, Paşinyanı milli xain və Türkdən asılı müti kimi qələmə vermək, nəticə etibarilə həm qarşıdakı seçkiləri udub hakimiyyətə qayıtmaq, həm də konstitusiya məsələsini birdəfəlik gündəmdən çıxarmaqdır.

Amma belə cəhdlərə rəğmən, rəy sorğuları cəmiyyətdə müxalifətə inamın hakimiyyətlə müqayisədə yenə aşağı olduğunu göstərir. Odur ki, qonşu ölkədə konstitusiyasını nə adla dəyişir-dəyişinlər, Azərbaycan üçün əsas nəticədir. Həm də tələsmək gərəkir. Çünki başı Ukraynaya qarışan Rusiya sülh müqaviləsini imzalamasına bacardıqca əngəl yaradacaq.

XİN başçısı Sergey Lavrovun az öncə Vaşinqton anlaşması ilə bağlı kinayəli açıqlaması buna şəkk-şübhə saxlamır. Eyni zamanda, Moskvanın Paşinayan hökumətinin reytinqinə neqativ təsir edə biləcək addımlara (qazın bahalaşması, Ermənistan məhsullarına qadağalar, miqrantlara təzyiq və s.) istisna edilməməlidir...

Tələsmək deyəndə ki, optimal variant kimi ilin sonunadək Ermənistanda erkən parlament seçkıləri keçirmək, ondan iki ay sonra isə referenduma getmək olar. Hər halda Paşinyanın partiyası seçkilərdən sonra hakimiyyətdə qalacaqsa, - müşahidələr göstərir ki, qalacaq, - deməli, əhalinin yarıdan çoxu onun sülh gündəliyini qəbul edir və tələb olunan konstitusiya dəyişikliyinə də etiraz etməyəcək.

Qısacası, seçkini udan referendumu da udacaq.

Z.SƏFƏROĞLU

Избранный
16
1
musavat.com

2Источники