RU

Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başlanıb

Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinə uyğun olaraq nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) dəstəyi ilə keçirilən təlimlər davam edir. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-də təlimlərin üçüncü mərhələsinə başlanılıb. Xor dirijorluğu, vokal, violin, klarnet, fleyta və rəssamlıq ixtisasları üzrə 40-а yaxın müəllimin cəlb olunduğu təlimlər Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilir.

Bir aydan artıq davam edəcək təlimlərə pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər cəlb olunub. Proqram çərçivəsində iştirakçılara həm fərdi, həm də qrup şəklində tədris metodları, interaktiv dərs modelləri, yeni təhsil texnologiyalarından istifadə imkanları təqdim edilir.

Təlimin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və MİHİ-nin şöbə müdiri Mehman Məhərrəmov təlimin gedişatını izləyib, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd olunub ki, təlimlər müəllimlərin yaradıcılıq potensialının inkişafına, onların peşəkar inkişafının dəstəklənməsinə, musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Təlimlərin müəllimlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, daha səmərəli nəticələr əldə etmələrinə dəstək məqsədilə həyata keçirildiyi vurğulanıb.

Xatırladaq ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesində komissiya tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən şəxslər üçün təlimlərə cəlb olunub və onlara xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılacaq.

Attestasiyanın nəticələrinə əsasən, bu ilin may-iyul aylarında fortepiano və musiqi nəzəriyyəsi, avqust-sentyabr aylarında isə tar, kamança, qarmon, xanəndə, nağara ixtisasları üzrə keçirilmiş təlimlərə ümumilikdə 200-ə yaxın müəllim qatılıb.

Избранный
25
8
sia.az

9Источники