Heç kim həyətində heyvan saxlamır, ona görə ət bahadır — Deputat
“Ətin qiymətinin artmasını mal-qara sayının azalması, örüş sahələrinin olmaması və işbazların fəaliyyəti ilə əlaqələndirirlər. Əlbəttə, bu amillər var. Amma mal-qaranın sayının azalması əsas səbəb ola bilməz. Çünki bu gün dünyada ətlik-südlük heyvanların yetişdirilməsinə üstünlük verilir, kəmiyyətə yox, keyfiyyətə üstünlük verilir. Bizdə də təsərrüfatlar var, burada mal-qara yetişdirilməsi və bazara çıxarılması bir növ qiymətlərdə sabitliyə xidmət edir. Bu artımı örüş sahələri və digər səbəblərlə də əlaqələndirmək tam əsaslı olmaz”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, ətin qiymətinin artmasında əsas səbəb kimi insanların bu sahəyə marağının azalmasını, əməksevərliyin zəifləməsini görür:
“Əvvəllər kənddə hər kəsin həyətində mal-qara, toyuq-cücə saxlanılırdı. Ancaq indi əksər kəndlərdə həyətlər boşdur. Kəndli yumurtanı, toyuğu gəlib şəhərdən alır. Bu, ətin bahalaşmasına səbəb olan əsas amildir. Hər kəs öz həyətində heyvan saxlasa, ətə, yumurtaya olan tələbatını ödəmiş olar. İnsanlar zəhmətdən qaçırlar, bu da mal-qara sayının azalmasına səbəb olur, bahalığa gətirib çıxarır.
Digər səbəb işbazlardır. Onlar heyvanları ucuz qiymətə alıb, baha qiymətə bazara çıxarırlar. Həmçinin, bəzi hallarda kəndlilər öz mal-qarasını bazara çıxarmaqda çətinlik çəkirlər, ət satışına müəyyən maneələr yaradılır. Bu da işbazların əməlidir. Bu məsələləri həll etməklə artımın qarşısını almaq olar”.