RU

Hikmət Hacıyevin ABŞ səfəri: Münasibətlərin yeni mərhələsi

Azərbaycan-ABŞ münasibətlərində inkişaf yaxın perspektivdə yeni mərhələyə daxil olacaq. 

Belə ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərindən sonra ikitərəfli münasibətlərdə yaranmış ciddi dönüş prosesi daha yüksək səviyyəyə qaldırır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-yə səfəri və apardığı danışıqlar strateji əhəmiyyətinə görə hər iki ölkə üçün vacib nəticələr doğura bilər. 

Hikmət Hacıyevlə ABŞ rəsmiləri arasında aparılan müzakirələr avqustun 8-də imzalanmış sənədlərdə əksini tapmış razılaşmaların həyata keçirilməsi və bu istiqamətdə mövcud olan maneələrin aradan qaldırılması məqsədi daşıyır. 

Söhbət ilk növbədə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra bu yöndə mövcud vəziyyətdən gedir. 

Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişdə olduğu kimi yekun sülh müqaviləsinin imzalanmasına ev sahibliyi etmək istəyindədir. Ona görə də ABŞ rəhbərliyi sülh prosesinin yekunlaşması ilə bağlı görülən işlərlə yaxından maraqlanır.

Təbii ki, Azərbaycan tərəfi sülh müqaviləsinin mümkün qədər qısa müddətdə imzalanmasında maraqlıdır. 

Bu prosesə mane olan əsas səbəb Ermənistan Konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad edilməsidir. Yəni sülh prosesini əngəlləyən tərəf Ermənistandır. Ona görə də Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi sülhün imzlanmasına yol aça bilər. ABŞ siyasi dairələrində aparılan danışıqlar zamanı bu məsələnin qarşı tərəfin diqqətinə çatdırıldığı şübhəsizdir. 

Rəsmi Vaşinqton sülhün imzalanmasında maraqlı olduğundan, Nikol Paşinyan hakimiyyəti qarşısında referendumun keçirilməsini vacib şərt kimi irəli sürə bilər. Prezidentinin köməkçisinin ABŞ-də keçirdiyi görüşlərdə əsas prioritet mövzulardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlı olub.

Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini Ermənistan vasitəsilə təmin edəcək “Tramp marşrutu”nun açılması üçün ABŞ nümayəndə heyəti artıq Bakıda və İrəvanda səfərdə olublar. 

Hazırda bu istiqamətdə işlərə başlanılması üçün iqtisadi, texniki, təhlükəsizlik, hüquqi sahələr üzrə qiymətləndirmə prosesi aparılır. “Orta dəhliz”in bir hissəsi olan “Tramp marşrutu”nun açılması Azərbaycanı bölgənin nəqliyyat-tranzit habına çevirəcək. Regionda yeni status-kvonun yaranması Azərbaycanın Cənubi Qafqazda liderlik rolunu təmin edəcək hadisədir. 

Bu kontekstdə Hikmət Hacıyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-də apardığı danışıqlar da mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan-ABŞ münasibətlərində ən aktual məsələlərdən biri “Azadlığı müdafiə aktı”na 907 saylı düzəlişin ləğvi ilə bağlıdır.

1992-ci ildə ədalətsiz şəkildə Azərbaycana tətbiq edilən bu qadağanın tətbiqinin birdəfəlik dayandırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 8-də Ağ Evə səfəri mühüm rol oynayıb. 

Lakin “907-ci düzəliş” ABŞ Konqresi tərəfindən qəbul olunduğundan, onun tamamilə ləğvi barədə qərarı qanunverici orqan çıxara bilər. Təbii ki, Konqresdə keçirilən, o cümlədən ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Deyns ilə olan görüşlər bu istiqamətdə sözügedən sanksiyaya hüquqi cəhətdən xitam verilməsinə səbəb olacaq.

Çünki “907-ci düzəliş”in qüvvədə qalması yalnız Azərbaycanın deyil, ABŞ-nin də maraqlarına ziddir. 

Belə ki, avqustun 8-də Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Haqqında Xartiya imzalanıb. Lakin “907-ci düzəliş” Azərbaycana qarşı birbaşa maliyyə yardımlarının göstərilməsini, eləcə də iki ölkə arasında müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığı əngəlləyir. Ona görə də ABŞ Konqresi “907-ci düzəliş”in ləğvinə qərar verməlidir.

Konqresin hər iki palatasında Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyini nəzərə alsaq, həmin qadağanın aradan qaldırılması daha asanlıqla mümkün ola bilər. Bu baxımdan, ABŞ Nümayəndələr Palatasında və Senatda aparılan müzakirələr hər iki ölkənin strateji maraqlarının təmin edilməsində vacib siyasi hadisə kimi qiymətləndirilə bilər.

Избранный
17
1
cebheinfo.az

2Источники