RU

Sərnişinlərin NƏZƏRİNƏ:Avtobuslarda yeni sistem tətbiq edilə bilər...

Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə məktəbli avtobuslarının fəaliyyəti ilə bağlı yeniliklərin olacağını açıqlayıb.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbli avtobuslarının tətbiqi həm təhsil, həm də nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, əsas məqsəd şagirdlərin məktəbə təhlükəsiz və rahat şəkildə çatdırılmasını təmin etmək və şəhərdaxili nəqliyyat axınını optimallaşdırmaqdır.

Əsədov qeyd edib ki, mövcud vəziyyətdə valideynlərin şəxsi avtomobillərdən geniş istifadə etməsi səhər və axşam saatlarında yollarda sıxlıq yaradır:
"Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, səhər saatlarında şəhərdaxili avtomobil sıxlığının 25%-dən çoxu məhz şagirdlərin valideynləri ilə bağlıdır. Məktəbli avtobuslarının istifadəyə verilməsi bu yükü azalda bilər".

Ekspert əlavə edib ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə əsasən, məktəbli və uşaq nəqliyyatı vasitələri xüsusi işarələrlə təchiz edilməli və təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Avtobusların tətbiqi şagirdlərin fərdi nəqliyyat və ictimai avtobuslarla məktəbə getməsinin yaratdığı riskləri də azaldacaq.
Kamran Əsədov beynəlxalq təcrübəyə də diqqət çəkib:

Almaniyada məktəbli avtobusları şəhərətrafı və kənd yerlərində geniş tətbiq edilir və bu sistem yol hərəkəti sıxlığını 15%-ə qədər azaldıb;

ABŞ-da avtobuslar yüksək təhlükəsizlik standartları ilə fəaliyyət göstərir, siqnallar, dayanma nişanları və kameralarla təchiz olunur;

Avstraliyada sürücülər uşaq psixologiyası üzrə testlərdən keçirlər;

Fransa və Kanadada isə məktəb avtobusları əsasən elektrik və hibrid mühərriklərlə işləyir.

Ekspertin fikrincə, bu sistemin Azərbaycanda tətbiqi ekoloji baxımdan da önəmlidir, çünki şəxsi avtomobillərin azalması atmosferə atılan karbon qazının miqdarını da azaldacaq.

Maliyyələşmə məsələsinə toxunan Əsədov bildirib ki, müxtəlif ölkələrdə bu sahədə fərqli mexanizmlər mövcuddur. Məsələn, Böyük Britaniyada məktəbli avtobuslarının saxlanılması yerli hökumətlər tərəfindən maliyyələşdirilir, Türkiyədə isə bu xidmət özəl şirkətlər tərəfindən göstərilir. Azərbaycanda isə dövlət dəstəyi ilə yanaşı, özəl sektorun iştirakı da nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, avtobusların idarə edilməsi, sürücülərin sertifikasiyası, texniki nəzarət və marşrutların planlaşdırılması kimi məsələlər də xüsusi diqqət tələb edir. Əks halda, sistem yalnız inzibati qərar olaraq qalacaq və real nəticə verməyəcək.

Kamran Əsədov əlavə edib ki, məktəbli avtobusları təhsil bərabərliyini də gücləndirə bilər:
"Ucqar kəndlərdə yaşayan şagirdlər üçün məktəbə getmək çətinlik yaradır. Məktəbli avtobusları isə regionlarda təhsilin əlçatanlığını artıraraq davamiyyəti yüksəldə bilər. Türkiyədə "Servis Taşımacılığı Sistemi" proqramı bu sahədə uğurlu nümunədir".

Ekspertin qənaətinə görə, məktəbli avtobuslarının tətbiqi təhlükəsizliyi artıracaq, nəqliyyat sıxlığını azaldacaq, ekoloji fayda yaradacaq və təhsil bərabərliyinə töhfə verəcək. Lakin bunun üçün güclü qanunvericilik bazası, maliyyə dəstəyi və səmərəli idarəetmə mexanizmləri vacibdir.(big.az)

Избранный
8
2
avtosfer.az

3Источники