RU

Yaxın Şərqin təmin edilməyən təhlükəsizliyi – ABŞ onun təminatçısı olmaq istəmir - ŞƏRH » AzadMedia.az



BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Qətərin paytaxtına endirdiyi zərbələrlə bağlı məsələni müzakirə edib. Müzakirə zamanı bu hadisə pislənib və ərəb ölkəsinin suverenliyinə dəstək ifadə olunub.

Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da HƏMAS-la İsrail arasında əsas vasitəçi - Dohaya endirilən zərbələri pisləyərək insan itkisindən təəssüf hissi keçirdiklərini bildiriblər. Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.

Qəbul edilmiş bəyanatda TŞ üzvləri, həmçinin gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar: "Təhlükəsizlik Şurasının üzvləri Qətərin ABŞ və Misirlə birlikdə regionda vasitəçilik səylərində oynamağa davam etdiyi kritik rolu dəstəklədiklərini bir daha açıqlayıblar".

Yeri gəlmişkən, İsrail sentyabrın 9-da Dohada olan HƏMAS rəhbərliyinin üzvlərinin iqamətgahını vurub. Hücum nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin öldüyü bildirilib.

Ötən illərin təcrübəsi, hadisələr BMT Təhlükəsizlik Şurasının bəyanat və qətnamələrinin bu kimi hadisələrin qarşısını almaqda aciz olduğunu təsdiqləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qurumun qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyi dövr də unudulmayıb.

Bu, dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyinin müdafiəsi kimi məsələlərdə BMT-nin gücsüzlüyünü göstərir.

Yaxın Şərqdə, Kəngər körfəzində (Fars, Ərəb, yaxud Bəsrə körfəzi də deyirlər) qarşıdurmalar, xüsusilə Fələstin-İsrail münaqişəsi az qala BMT yaşındadır. İkinci Dünya Müharibəsindən sonra regionda bir sıra ərəb dövlətləri və İsrail yaransa da, Fələstinin yaranmasına vəd verildi. Ötən 78 il ərzində fələstinlilərə verilən vədə əməl olunmayıb. Əksinə, onların tapdanan, verilməyən hüququndan regional və qlobal səviyyədə sui-istifadə edilir.

Münaqişənin həllinə yardım etmək, yaxud tərəflər arasında vasitəçilik etmək  istəyənlər daim Fələstin məsələsindən bir-birinə qarşı təzyiq aləti olaraq yararlanıblar.

Bu vəziyyət isə Körfəz və ətraf ölkələrin təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilir.


2023-cü il oktyabrın 7-dən sonra bu istiqamətdə narahatlıq daha da artıb. Həmin tarixdə HƏMAS qruplaşması "əl-Əksa daşqını" əməliyyatı adı altında İsrailə müdaxilə etdi. Qruplaşma Qəzza zolağından yəhudi dövlətinin sərhəd baryerini yararaq yaxınlıqdakı İsrail yaşayış məntəqələrinə və hərbi obyektlərə giriblər. Həmin gün səhər tezdən Qəzza zolağından İsrailə azı 3000 raket atəşi açılıb, təxminən 3000 döyüşçü quru, dəniz və hava yolu ilə sərhədyanı bölgələrə daxil olub. Bu müdaxilə nəticəsində təxminən 1200 israilli öldürülüb (o cümlədən musiqi festivalının 364 iştirakçısı), daha 253 nəfər girov götürülüb.

Məlumatlara əsasən, İsrail mülki şəxslərinin kütləvi qətlləri ilə yanaşı, çoxsaylı cinsi zorakılıq halları da baş verib. Onlara cavab olaraq, İsrail hökuməti 1973-cü il Yom Kippur müharibəsindən sonra ilk dəfə hərbi vəziyyət elan etdi və Qəzza zolağında "Dəmir qılınclar" əməliyyatına başladı.

Beynəlxalq ictimaiyyət bu hücuma birmənalı qiymət verməyib. Bir qrup HƏMAS-ın addımını terror aktı kimi dəyərləndirib. Ərəb və bəzi müsəlman ölkələri İsraili təqsirli bilərək münaqişənin səbəbinin Fələstin ərazilərinin yəhudi dövləti tərəfindən işğalı olduğunu bildiriblər. Bununla belə, onlar hadisələrlə bağlı HƏMAS-ın adını vurğulamayıblar.

Bu hadisə regionda başqa hadisələrin baş verməsinə əsas olmaqla yanaşı, region dövlətlərinin, bütövlükdə bölgənin təhlükəsizliyi və perspektivi məsələsini yenidən gündəliyə gətirib.

Həmin hadisədən sonra Livandakı "Hizbullah", Yəməndəki husi qiyamçıları, İraqdakı iranyönümlü qruplaşmalar bu müharibədə HƏMAS-ı müdafiə etdiklərini bildirib və ona qarşı bir sıra həmlələr ediblər. Elə sentyabrın 11-də Yəmən Silahlı Qüvvələri Fələstin məsələsinə dəstək olaraq İsrailin nəzarəti altında olan ərazilərə raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirdiklərini bildiriblər. Husilər bu hücumları İsrailin Qəzza zolağındakı əməliyyatlarına və onun ərazisinə təcavüzə cavab olaraq "qisas" adlandırıb.


HƏMAS-ın regionda katalizator rolunu oynaması onu müdafiə edənlərə - Həsən Nəsrullah başda olmaqla "Hizbullah"ın liderlərini itirməsinə, qruplaşmanın zəifləməsinə, indi isə tərk-silah mərhələsinə gətirilməsinə, Suriyada Bəşşar Əsəd rejiminin süqutuna, İrana qarşı 12 günlük hərbi əməliyyatların keçirilməsinə və 60-dan çox yüksək rütbəli hərbi şəxslərinin, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general Məhəmməd Baqerinin həlak olmasına, habelə İslam Respublikasının nüvə və hərbi obyektlərinin dağıdılması bahasına başa gəlib.

Elə Dohada HƏMAS liderlərinin iqamətgahına zərbə endirilməsi də iki il əvvəl başlamış hadisələr zəncirinin davamı sayıla bilər. İsrail hərəkatın Siyasi Bürosunun baş katibi İsmayıl Həniyənin İranda öldürülməsi əməliyyatını əvvəl həyata keçirmişdi. Rəsmi Təl-Əviv onu da bildirmişdi ki, dövlətinin təhlükəsizliyini təhdid edən istənilən silahlı qruplaşmanın, o cümlədən HƏMAS-ın Qəzzadakı və xaricdəki liderlərini zərərsizləşdirəcək.

İsrail region dövləti olaraq təhlükəsizliyini daxili resursları, ABŞ və başqa tərəfdarlarının dəstəyi, yardımı ilə təmin edir. Onun region ölkələrinə hücumu isə bir sıra hallarda mübahisələr, region ölkələrinin bir-birini ittiham etməsinə, birlik kimi çağırışların verilməsi ilə nəticələnir.


Dohaya zərbələr buna ən bariz nümunədir. Ona görə də körfəz ölkələrinin təhlükəsizliyinə təminatı birmənalı və birtərəfli qaydada qəbul etmək sadəlövhlük sayılar. Əgər HƏMAS liderlərinə Qətər və ya başqa biri sığınacaq verirsə, bu zaman o, İsrailin təhlükəsizliyinin təhdid edilməsinə dəstək vermiş sayılır. Bu səbəbdən də bəhs etdiyimiz xoşagəlməz olaylar baş verir.  

Təhlükəsizliyi təhdid edən başqa bir amil isə regional hegemonluq uğrunda mübarizə, yarışmadır. Bu, bölgə dövlətlərinin bir-biri ilə münaqişədə, qarşıdurmada olmasına şərait yaradır. Ölkələrin biri-birinə etimad və etibarı olmur, ya da çox az olur.

Yaxın Şərqdə hegemonluq uğurunda daha çox mübarizəni İran və İsrailin apardığı görünən qədərdir. Onların bu yarışması və ya qarşıdurmasından isə regionun başqa ölkələri, hətta Fələstin dövləti də əziyyət çəkir.

İordaniyanın yüksək rütbəli təhlükəsizlik rəsmiləri İran və onun regional müttəfiqlərindən gələn təhlükələrin son illərdə əhəmiyyətli dərəcədə artdığını bildiriblər. Onlar bu tendensiyanı ölkənin uzunmüddətli sabitliyinə qarşı ciddi təhdid kimi qiymətləndirirlər. Adının açıqlanmasını istəməyən İordaniya təhlükəsizlik rəsmisi bildirib ki, Tehranın casuslara maliyyə dəstəyi kimi fəaliyyətləri son üç ildə artıb.

Bu, region ölkələrinin münasibətlərinə dair bir nümunədir.

Ona görə də bölgə dövlətləri təhlükəsizliyin təmini kimi məsələlərə dair anlaşmaları ABŞ ilə bağlayırlar.

Dohaya məlum zərbədən sonra Qətərin təhlükəsizlik sahəsində  yeni tərəfdaş axtardığına dair xəbərlər də yayılmışdı. Rəsmi Doha HƏMAS rəhbərliyinə zərbədən sonra Vaşinqtonla təhlükəsizlik sahəsində əməkdaşlığı yenidən nəzərdən keçirmək qərarına gəlməsi barədə məlumatı təkzib edib.  Bildirilib ki, Qətərin guya ABŞ ilə təhlükəsizlik sahəsində tərəfdaşlığını yenidən nəzərdən keçirməsi barədə iddia tamamilə yalandır.

Belə qənaətə gəlmək olar ki, region ölkələrinin təhlükəsizliyi ABŞ-dən asılıdır. Körfəzə aid olan ərəb dövlətlərinin, demək olar ki, hamısı bu və hərbi istiqamətdə onunla əməkdaşlıq edirlər. Elə bu ilin mayında ABŞ Prezidenti Donald Trampın bölgəyə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətərlə bu sahə üzrə imzalanan milyardlarla dollarlıq müqavilələr də qənaətimizi təsdiqləyir.

Belə bir şəraitdə isə bütün diqqətlər ABŞ-nin üzərinə yönəlir. O isə dünya təhlükəsizliyinin təminatçısı olmaqdan imtina edir. Ştatların Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, hər kəs öz ayaqları üzərində durmalıdır: "Bu gün tamamilə fərqli bir modeldir. Deyirik ki, biz artıq dünyada təhlükəsizliyin qarantı deyilik. Hər kəs özü üçün dayanmalıdır".


Məsələn, Donald Tramp Doha hadisəsindən xəbərsiz olduqlarını bildirib: "Bu, İsrail hökumətinin əməliyyatı idi".

Belə çıxır ki, səksən il ABŞ-nin gücünə əsaslanan dünya sistemində yaranan nisbi sakitlik və rifahda müəyyən problemlər yaranacaq. Bunu Donald Trampın Avropadakı müttəfiqlərinə təzyiqləri, latın Amerikasındakı körfəzlərə, Qrenlandiyaya iddiaları da sübut edir. Belə bir hal isə beynəlxalq aləmdə tarazlığı poza bilər. Bu, müttəfiqləri ilə ABŞ arasında əminlik və arxayınlıq sahəsində qeyri-müəyyənlik yarada bilər. Əvvəllər müttəfiqləri ondan əmin idilər. Rəqibləri də onun qətiyyətindən çəkinirdilər. İndi isə bu tarazlıq pozula bilər. Ona görə də bəzi ölkələr daha güclülər arasında yenidən seçim etməyə məcbur ola bilərlər.

Beynəlxalq arenada ya lider təşkilat, ya da lider dövlət, güc, qüvvənin olması vacib sayılıb. Belə bir vəziyyət isə müəyyən xaosun yaranmasına səbəb ola bilər. Rusiyanın Ukrayna ərazilərini işğal etməsi kimi hadisələr də onun nəticəsi sayıla bilər.

Yaxın Şərq ölkələrində də təhlükəsizlik və suverenliyin qorunmasını başqa dövlət deyil, özlərinin təmin etməsinin vacibliyi gündəliyə gəlir. Bu isə İsrail də daxil olmaqla region ölkələrinin bir-biri ilə əməkdaşlığından başlayır. Odur ki, yaranmış şərait ərəb dövlətlərinin öz ayaqları üstündə durmasının vacibliyini aktuallaşdırır. Bu halda regionun hər dövləti bir-birinin təhlükəsizliyinə önəm verəcək.(Report)
Избранный
14
1
azadmedia.az

2Источники