Yanğınsöndürənlər plastik butulkaların avtomobillərdə qalmasının təhlükələrindən danışıblar. Xüsusilə isti havalarda bu olduqca təhlükəlidir və avtomobillərin alışmasının səbəblərindən biridir.
Su ilə dolu butulkanın üzərinə düşən günəş şüaları böyüdücü şüşə kimi çıxış edərək istiliyi maşında olan alışan maddələrə yönəldir.
ABŞ-ın Oklahoma ştatının “Midwest” universitetinin yanğın şöbəsi bu istiliyin, hətta 121°C qədər arta biləcəyini deyirlər.
Mütəxəssislər bildirirlər ki, su butulkasını maşında saxlamaq lazım gələrsə, riski azlatmaq üçün mütləq kölgə yerdə, oturacağın altında qoymaq məsləhətdir.
Yanğın təhlükəsindən əlavə plastik butulkalar isti yerdə qaldıqda BPA kimi zərərli kimyəvi maddələr buraxır ki, bu da suyu içmək üçün yararsız hala salır.
Avtomobildə suyu istilikdən və günəşdən qorumaq üçün xüsusi konteynerlərdən istifadə etmək tövsiyə olunur.
Təhlükəsizlik üçün belə kiçik tədbirlərə əməl etmək mütləqdir.
Nubar Süleymanova, “İki sahil”