Dəmir beynin, immunitet sisteminin, əzələlərin, dəri, saç və dırnaqların sağlamlığı üçün vacibdir. Onun çatışmazlığı yorğunluq, başgicəllənmə, solğun dəri və digər simptomlara səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, dəmir səviyyəsinin aşağı olması aşağıdakı əlamətləri yarada bilər:
1. Yorğunluq və məşq dözümsüzlüyü
Qırmızı qan hüceyrələrindəki hemoqlobin oksigeni orqanlara daşıyır. Dəmir az olduqda, oksigen çatdırılması pozulur, nəticədə zəiflik və tez yorulma yaranır.
2. Əhval-ruhiyyə və diqqət problemləri
Dəmir beyində dopamin və serotonin kimi maddələrin istehsalına təsir edir. Çatışmazlıq əsəbilik, depressiya, diqqət azalması və “beyin dumanı” yarada bilər.
3. Baş ağrısı
Aşağı dəmir anbarları oksigen daşınmasını zəiflədir, bu da miqren və xroniki baş ağrılarını artıra bilər.
4. Başgicəllənmə
Oksigen çatışmazlığı beynə təsir edir, nəticədə balanssızlıq və yıxılma hissi ola bilər.
5. Pika
Dəmir azlığı qeyri-qida maddələrinə – torpaq, kağız, nişasta və s. – güclü istək yarada bilər.
6. Hüzursuz ayaq sindromu
Gecələr ayaqları hərəkət etdirmə ehtiyacı və narahatlıq dəmir çatışmazlığı ilə bağlı ola bilər.
7. Dəri, saç və dırnaq dəyişiklikləri
Solğun dəri, saç tökülməsi, kövrək dırnaqlar və ağız künclərində çatlar yarana bilər.
8. Soyuğa həssaslıq
Zəif qan dövranı nəticəsində əllərdə və ayaqlarda tez-tez soyuqluq, uyuşma və titrəmə hiss olunur.
9. Nəfəs darlığı
Dəmir azlığı ilə oksigen səviyyəsi aşağı düşür, nəfəs alma tezləşir və fiziki fəaliyyət çətinləşir.
10. Ürək döyüntüləri
Ürək orqanlara oksigen çatdırmaq üçün daha sürətli işləyir. Bu, çırpıntı və sinədə sürətli döyünmə hissi yaradır.
Bu əlamətlər uzunmüddətli davam edirsə, həkimə müraciət etmək vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az