RU

Şənbə üçün nəzm

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəbhədən məktub

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

Əgər günün biri geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

Xəmirli əllər

Bir səhərin sübh çağı

Hamı əl-ələ verib

yuxuna haram qatar -

Katibə zəng vurar ki,

İşdən çıxarılmısan.

Nişanlın mesaj-mesaj

Başının ətin yeyər:

“Səninləyəm, cavab ver!

Axşam harda olmusan?”

Anan girər otağa,

Pəncərəni açar ki,

boğulmasın tüstüdən.

Araq şüşəsi tapar

Döşəyinin üstündən.

Cırıldayan yatağı

Əsəblə silkələyər -

“Ay alkaş oğlu, alkaş,

yenə içmisən?” deyər.

Qışqırar əsəbindən,

Xəmirli əlləriylə

Sinəni yumruqlayar.

İçini çəkə-çəkə,

Uşaq kimi ağlayar.

Qaçasan otağından,

Hirs soyutmaqdan ötrü

Qapını bərk vurasan,

Küçənizdə can verən

itə təpik vurasan.

Aclıq vurar təpənə

Dönərçiyə deyəsən:

“Zəhərini bol elə”.

Bədbəxtlikdən içindən

İynə çıxmaz çörəyin.

Kredit şöbəsindən

Bahar xanım zəng edər:

“Müəllim, sağsınızsa,

Borcunuzu ödəyin!”

İri-iri addımlar

Ata səni sahilə.

Yerdən bir daş götürüb

Keçirəsən boynuna,

Qulağına səs gələ...

Bu yaşlı kişi kimdir?

Kövrək səslə qışqırır:

“Etmə, qurbanın olum.

Əgər pulun yoxdursa,

Gəl, mən sənə verim, var.

Əgər evin yoxdursa,

Bir nəfərlik yerim var.

İş də taparam sənə,

Köhnə bir tanışım var,

hamıya iş düzəldir.

Ölmə, qurbanın olum,

Axı həyat gözəldir!”

O yaşında adamın

Yaşamaq məhəbbəti

Sanki güc verər sənə.

Çıxarıb boynundakı

yarım kiloluq daşı

Qayıdasan evinə.

Anan qaça qapıya

Daş izi qalan yerdən

Boynunu qucaqlayıb

Deyər: “Yaxşı ki, varsan.

mən səni bağışladım,

sən də bağışlayarsan...”.

Zabit hekayəsi

Görsən ki, bayraqlar tıxac yaradıb

Kəndin o başından evimizəcən.

Bizi qapısından qovalayanlar

Taxıb qalstukun gəlib bizəcən.

Hiss etsən isladır al yanağını

Nigaran gözünün kədər yığını.

Tez uşaqları bir otaqda gizlət,

Görməsinlər sənin ağladığını.

Yubanma, həyətdə gözləyənin var,

Qayıdıb cəbhədən həyat yoldaşın.

Amandı, boynumu qucaqlama ha,

Qanlı paltarıma batar üst-başın.

Əllərim “Antarktida”,

Başım “dünyanın o başı”.

Nəfəsim keçər burnuna,

Bir-iki addım at geri!

Həyəcan təbili çalır

Boynumdakı kəndir yeri...

And olsun yarı canıma,

Getməyə bir yerim olsa,

Tüpürərəm dabanıma.

Əvəzimə üzr istəyən

Hicablı bir qadın ola.

Əlini aça Allaha:

“İlahi, bağışla onu,

al canın, bəsidir daha”...

Əlindən yapışdığım

İnsanlar böyüdülər,

Qollarımdan vurdular.

Ayağımı çəkdilər,

Ürəyimi qırdılar.

Adamlar ilan kimi

Zəhər sancdılar mənə.

Dedim - Allaha gedim,

o çarə qılar mənə.

Allah öldürdü məni,

Ayağımı çəkənlər

qəbrimə kimi qazdı.

Başıma daş salanlar

Başdaşımı ucaltdı,

üstünə söz də yazdı.

Bu adamlar gör necə

Abırsız, həyasızdı.

Dizlərinə vurdular,

Gözucu ağladılar,

Beş gün gün verməyənlər,

Qırx gün yas saxladılar.

Həsən Kür

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
yeniazerbaycan.com

2Источники