RU

FIA: Makao Qran-Prisində 10 komanda iştirak edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

FIA Makao Qran-Prisinin təşkilatçıları ilə birlikdə açıqlama verib ki, gənclər seriyalarında mövsümün ənənəvi yekun yarışı sayılan builki yarışda 10 komanda iştirak edəcək. 2024-cü ildə onların sayı 11 idi.

AZƏRTAC xəbər verir ki, rəsmi statusuna görə, Makaodakı çox çətin şəhər yolunda keçirilən yarışlar kifayət qədər yüksək səviyyəyə malikdir. Bu, Regional Formula üzrə Dünya Kubokudur və burada qələbə olduqca nüfuzlu uğur hesab olunur.

Keçən il Makao yarışında iştirak edən Hollandiyanın “MP Motorsport”, Yeni Zelandiyanın “Kiwi Motorsport” və Yaponiyanın “TGM Grand Prix” komandaları bu dəfə start xəttində olmayacaq. Onların yerinə siyahıda yenidən İtaliyanın “Trident” və Niderlandın “Van Amersfoort Racing” (VAR) komandaları ortaya çıxıb.

Ötən il Makao Qran-Prisinin qalibi “McLaren”in gənclər proqramının üzvü, Fransanın “R-ace GP” komandasında çıxış edən amerikalı pilot Uqo Uqoçukvu olmuşdu. Bu il də komanda həmin nailiyyəti təkrarlamağa çalışacaq. Yarışda həmçinin “ART Grand Prix” (Fransa), “Evans GP” (Avstraliya), “PHM Racing” (Almaniya), “Pinnacle Motorsport” (Filippin komandası, İrlandiya lisenziyası altında), “Prema” (İtaliya), “Sainteloc Racing” (Fransa) və “TOM’S” (Yaponiya) iştirak edəcək.

“Trident” Makao trasında 2019 və 2023-cü illərdə, yarışın Formula 3-ün qeyri-rəsmi dünya finalı statusunda olduğu vaxtlarda mübarizə aparıb. “Van Amersfoort Racing” isə bu yarışda daha uzun tarixçəyə malik olaraq burada ilk dəfə 1998-ci ildə çıxış edib.

2014-cü ildə bu komandanın heyətində Maks Ferstappen də yarışmışdı. Gələcəyin dördqat dünya çempionu həmin vaxt sıralanma turunda 3-cü nəticə göstərmiş, təsnifat yarışında finişə çata bilməmiş, amma əsas yarışda 24-cü yerdən 7-ci pilləyə qədər irəliləməyə nail olmuşdu.

Bir il sonra Şarl Lekler də diqqət mərkəzinə düşmüşdü. O, həm təsnifat yarışında, həm də əsas yarışda finişi ikinci pillədə tamamlamışdı.

VAR komandası yalnız idman nəticələri ilə deyil, həm də 2018-ci ildə baş vermiş ağır qəza ilə yadda qalıb. Həmin vaxt almaniyalı Sofiya Flörş Makao trasında bu komandanın maşınını ilə çox ciddi qəza keçirmişdi. İdman dünyasında hələ də xatırlanan bu hadisədən sonra Flörş tam sağalaraq karyerasını davam etdirib.

2025-ci ildə Makao Qran-Prisinin proqramı 13–16 noyabr tarixlərində keçiriləcək və ora ilk dəfə Formula 4 üzrə Dünya Kuboku da daxil ediləcək.

Избранный
11
2
azertag.az

3Источники