RU

Deputat Əziz Ələkbərlinin təklifi keçsə, Azərbaycanda buna sevinməyən qalmaz...


Kamran Məmmədli: “Vəfat edən şəxslərin, demək olar ki, əksəriyyətinin yaxını pensiya ala bilmir, o vəsait həmin şəxsin qanuni haqqıdır”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Əziz Ələkbərli deyib ki, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunsun.

Deputat bildirib ki, əgər ölən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, o, məcburən gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Ancaq məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, ya yox. Deputat təklif edib ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30 faizi dərhal ailəsinə verilsin, yerdə qalan məbləğ isə şıxs ənənəvi olaraq pensiya yaşına çatanda ailə tərəfindən istifadə olunsun. Pensiya yaşı artır, ölənlərin kapitalı artır, bu problem necə həll olunmalıdır?

“Yaxşı olar ki, pensiya yaşı artırılmasın, insanların ömür uzunluğunu nəzərə alıb, buna uyğun müvafiq qərar versinlər”

İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vətəndaş çalışdığı dövrdə sosial sığorta haqqı ödəməklə özünə pensiya kapitalı yığır: “Bu da elə təşkil olunmalıdır ki, vətəndaşın vaxtilə ödədiyi sığorta haqları onun pensiya məbləğinə kifayət etsin, hansısa çatışmazlıq olanda DSMF-nin büdcəsindən əlavə dotasiya ayırmaq mümkün olsun. Təbii ki, pensiya yaşına çatmadan vəfat edənlərin kapitalının varislərə qaytarılmasını hər kəs arzulayar. Lakin reallıq başqadır.

Danılmaz faktdır ki, ölkədə kişilərin təxminən yarısı pensiya yaşına çatmadan vəfat edir. Bu isə o deməkdir ki, vəfat edən kişilərin, demək olar ki, əksəriyyətinin yaxını pensiya ala bilmir. O vəsait həmin şəxsin qanuni haqqıdır. Məlum məsələnin qaldırılması çox yaxşı haldır, təqdirəlayiq haldır. Ancaq yaxşı olar ki, bizdə pensiya yaşını artırmasınlar, insanların ömür uzunluğunu nəzərə alıb, qərar versinlər. Məlumat üçün deyim ki, hazırda pensiya kapitalı 144-ə bölünür, yəni 12 il vurulsun 12 ay. Kişilər orta hesabla 74 il yaşayır və bu halda pensiyanı heç 9–10 il də ala bilmirlər. Bu səbəbdən pensiya məbləğinin hesablanmasına düzəlişlər edilməlidir. Ən azı, 9–10 il pensiya alan şəxslərin aylıq ödənişi yüksək olmalıdır. Bunun üçün də pensiya kapitalını 144-ə deyil, 100-ə və ya 80-ə bölməklə pensiya məbləğini artırmaq mümkündür”.

Günel CƏLİLOVA

Избранный
39
baki-xeber.com

1Источники