RU

Kelloq Kiyevdə, Koul Minskdə...

Vaşinqton Ukraynanın təhlükəsizliyinin zəmanətçisi ola bilər?

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb. Belə ki, Zelenski özünün “telegram” kanalında qeyd edib ki, K.Kelloq ilə baş tutan konstruktiv görüşdə tərəflər əməkdaşlığın müxtəlif sahələrini, real sülhə nail olmaq və Ukraynanın təhlükəsizliyinə təminatları müzakirə ediblər. Ukrayna lideri Kiyev və Vaşinqtonun birgə silah istehsalında gələcək əməkdaşlığı ilə bağlı məsələnin də müzakirə olunduğunu bildirib. “Bunlar “Patriot”un istehsalı və alınmasının maliyyələşdirilməsi üzrə PURL təşəbbüsü çərçivəsində ayrıca layihələrdir, bizim ABŞ-a təklif etdiyimiz pilotsuz təyyarələrin və silahların birgə istehsalına dair güclü ikitərəfli sazişlərdir. Biz müsbət cavaba ümid edirik”, - deyə Zelenski qeyd edib. Zelenski, həmçinin vurğulayıb ki, o, Kelloq ilə liderlərin görüşünün təşkili və müharibəni mümkün qədər tez bitirmək üçün tariflər və sanksiyalar vasitəsilə Rusiyaya artan təzyiqi də müzakirə edib. Eyni zamanda, ikitərəfli görüşdə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Vaşinqton və Kiyevin qarşıdan gələn birgə tədbirlərinə hazırlıq barədə məsələyə də toxunulub.  Qeyd edək ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində silah istehsalına 400 milyon dollar vəsait ayırıb. Bu arada Trampın digər nümayəndəsi Con Koul Minskə səfər edib. Səfər zamanı C.Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib - görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişatı və ABŞ-Belarus münasibətlərinin bərqərar olunması ilə bağlı məsələlər müzakir edilib. Lukaşenko C.Koulun diqqətinə çatdırıb ki, Belarus Prezident Donald Trampa Rusiya-Ukrayna müharibəsinin başa çatması və Ukraynada sülhün bərqərar olunması üzrə təşəbbüslərində kömək etməyə hazırdır. “Bizim əsas vəzifəmiz Trampın yanında durmaq və ona sülhün bərqərar olması missiyasında kömək etməkdir. O, yeddi müharibə və münaqişəni dayandırıb. Onun əsas vəzifəsi Ukraynadakı münaqişənin həllidir. Bizim üçün bu ən vacib istiqamətdir. Buna görə də onun bu səylərini hər cür dəstəkləməliyik”, - A.Lukaşenko bildirib.

Tramp mövqeyini dəyişib?

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyində ciddi dəyişiklik müşahidə olunur. “Rusiya-Ukrayna münaqişəsinin yeni mərhələsində ABŞ-ın rolunu izləmək, həqiqətən maraqlıdır, xüsusilə Volodimir Zelenski və Keyt Kelloqun Kiyevdəki görüşü, eləcə də Konqresin Ukraynanın Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində 400 milyon dollar ayırması, bu prosesdə ABŞ-ın daha konstruktiv mövqeyə keçdiyini göstərir. “America First” şüarı ilə Ukraynaya yardımları məhdudlaşdırmağa meylli olan administrasiya indi, sanki, praqmatik reallıqlara uyğunlaşır. Bu, tamamilə mövqe dəyişikliyi deyil. Amma Rusiyaya qarşı təzyiqləri artırmaq və iqtisadi sanksiyaları gücləndirmək kimi addımlar ABŞ-ın Avropa İttifaqı ilə Ukraynanın təhlükəsizlik təminatlarında birgə əməkdaşlıq etməkdə qərarlı olmasından xəbər verir. Bəlkə də bu, Trampın “sülhçü” imicini qorumaq üçün strateji bir manevrdir, lakin yeni silah təminatları (məsələn, Patriot sistemləri) ilə bağlı atılan addımlar Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədi daşıyır,” - deyə T.İsmayılov vurğulayıb.

ABŞ Ukraynanın təhlükəsizliyinin zəmanətçisi ola bilər?

Ekspertin sözlərinə görə, ABŞ-ın Ukraynanın təhlükəsizliyinin real təminatçısı olması ehtimalı yüksəkdir.  “Bu, sadəcə iqtisadi və hərbi dəstəklə məhdudlaşmır. Tarixi təcrübəyə baxsaq, ABŞ kimi supergüclər tez-tez geopolitik maraqlarına uyğun olaraq təzyiq edir - məsələn, Trampın Putininlə “yaxşı əlaqələri” xatırlayaq. İndi isə Konqresin hərbi istehsala ayırdığı  400 milyon dollarlıq vəsait bu təminatın davamlılığını təmin edə bilər, lakin uzunmüddətli təhlükəsizlik zəmanəti Trampın izolyasionist siyasəti ilə ziddiyyət təşkil edə bilər. Real təminatçılıq üçün ABŞ-ın Avropa ölkələri ilə bu istiqamətdə birgə addım atması vacibdir, əks halda, bu, sadəcə vaxtlı qazanc olacaq”.

Belarus ABŞ-la əməkdaşlığa gedəcək?

Ekspert qeyd edib ki, A.Lukaşenkonun ABŞ ilə əməkdaşlığa getməsi Belarusu sanksiyalardan xilas etmək məqsədi ilə bağlıdır; “Lukaşenko Rusiyaya bağlılığı qorumağa çalışır, amma digər tərəfdən Qərbə də müsbət siqnal göndərir.  Bu, potensial olaraq Minsk razılaşmalarını yenidən canlandırmağa kömək edə bilər, lakin Belarusa nə qədər etibar edəcəklər bunu demək çətindir. Nəticədə, bu əməkdaşlıq Trampın sülh vasitəçilik imicini gücləndirə bilər, amma Ukrayna üçün riskli ola bilər, çünki Belarusun rolu Rusiyanın lehinədir və belə də qalacaq,”.

Yunis ABDULLAYEV

Избранный
19
1
yeniazerbaycan.com

2Источники