Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-də qətlə yetirilən siyasi fəal Çarli Kirkin həyat yoldaşı Erika Kirk ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Bu barədə Oxu.Az CNN-ə istinadən xəbər verir.
Çıxışından əvvəl qadın səssiz şəkildə dua edib.
Erika Kirk ərinin işini və irsini davam etdirəcəyini, onun siyasi hərəkatını dəstəkləyəcəyini vəd edib. O, həmçinin Kirkin davamçılarını kilsə icmasının üzvləri olmağa çağırıb və mərhum ərinə and içib.
"Çarli, söz verirəm ki, sənin irsinin ölməsinə heç vaxt icazə verməyəcəyəm. Söz verirəm ki, "Turning Point USA"i bu ölkənin tarixində ən böyük təşkilata çevirəcəyəm", - deyə o, ərinin ruhuna müraciətlə bildirib.
Erika Kirk, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vensə "Kirki evə qaytardıqlarına" və ona dəstək olduqlarına görə təşəkkür edib. Qadın, eyni zamanda, mərhum ərinin tərəfdaşı Donald Trampa da müraciət edib.
"Cənab prezident, ərim sizi sevirdi. Və o bilirdi ki, siz də onu sevirsiniz. Sizin dostluğunuz heyrətamiz idi. Siz ona çox gözəl dəstək olurdunuz, necə ki o sizə", - deyə Erika qeyd edib.
Erika Kirk hesab edir ki, ərinin qətlinə görə məsuliyyət daşıyanlar onun işinə müdaxilə etmək istəyənlərdir.
"Ərimin qətlində məsul olan bədxahlar nə etdiklərinin fərqində deyillər. Onlar Çarlini vətənpərvərliyi, imanı və mərhəmətli ilahi sevgini təbliğ etdiyi üçün öldürdülər", - deyə qadın vurğulayıb.
Erika əminliyini ifadə edib ki, ərinin ölümü ölkədəki mühafizəkar ictimai hərəkatı yalnız canlandıracaq.
"Əgər əvvəllər ərimin fəaliyyətinin böyük təsir göstərdiyini düşünürdünüzsə, o zaman bütün ölkə daxilində nəyi oyandırdığınızı təsəvvürünüzə gətirə bilməzsiniz", - deyə Erika Kirk ərinin rəqiblərinə müraciət edərək bildirib.
Bununla bağlı fəalın arvadı əmin edib ki, onun təsis etdiyi mühafizəkar "Turning Point USA" ictimai təşkilatı əvvəlkindən daha fəal işləyəcək. Təşkilat 2012-ci ildə təsis edilib və əsasən, ABŞ məktəblərində və universitetlərində mühafizəkar ideyaların və dəyərlərin populyarlaşdırılması mövqeyindən çıxış edir.
Xatırladaq ki, Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı güllələnib. Mühafizəkar siyasi fəal və publisist, "Turning Point USA" təşkilatının yaradıcısı tələbələr arasında azad bazar, məhdud hökumət və "ənənəvi dəyərlər" ideyalarını təbliğ edirdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.