Dövlət Statistika Komitəsinin məlumatına görə guya bu il inflyasiya 4,9 faiz olmuşdur. Mən buna inanmıram. Bizdə inflyasiya ümumiyyətlə yoxdur. Yəni, qiymət artımı. Uzağı bəzi lazımsız ərzaq məhsullarının qiymətləri yenidən müəyyənləşdirilir. Axı hökumətimiz daim xalq üçün çalışır. Məsələn, kommunal xidmətlər də vaxtaşırı bahalaşmır, tənzimlənir. Milli valyutamızın kursu bir aralar düşmədi, üzən məzənnəyə keçmişdik. Hətta uyğun terminologiyadan XİN müdiri Elmar müəllim Qarabağ mövzusunda da istifadə eləyərdi, deyərdi substantiv danışıqlar gedir. Allaha şükür, heç olmazsa ondan canımızı qurtardıq.
Yaxşı yadıma düşdü, dünənki köşəmdə təhsilimizin müdirinin “müəlimlərin əməkhaqqısı artıb” cümləsini tənqid etmişdim, ana dilimizdə “əməkhaqqı” sözünün elə yazılmadığını göstərmişdim. Hörmətli oxuculardan Vüsal bəy irad bildirib ki, sən başa düşməmisən, müəllimlərin əməkhaqqısı artıb deyərkən sözə “sı” artırılması nəzərdə tutulur.
Matım-qutum qurudu. Xalqımız həqiqətən çox yaradıcı xalqdır. Bunları metronun “20 yanvar” stansiyasından sal, “Əhmədli”dən diri çıxırlar.
Söz vaxtına çəkər, elə bu cızmaqaranı edən anda saytda xəbər gördüm, yazmışdılar metroda qiymətlər diferensiallaşdırılacaq. İki stansiya gedənin ödədiyi ilə beş-on stansiya gedənin ödədiyi fərqlənəcək.
Nə qədər gözəl, vaxtında verilmiş qərardır. Hərçənd, metronun əməkdaşı ərz etmişdi ki, hələlik bunun üçün imkanlar yoxdur, stansiyalar artsın, üztanıma aparatları quraq və sairə. Doğrudan da iki-üç yoluq xətt üçün məsafəyə uyğun gediş qiyməti təşkil etmək bizim şan-şöhrətimizə uyğun gəlmir. Şəxsi fikrimdir, təbii. İnşallah, metronu uzadıb Şəkiyə çatdırandan sonra qiyməti diferensiallaşdırmaq, inteqrallaşdırmaq, hətta loqarifmləşdirmək olar. Nəinki olar, əminəm bunu xalq özü tələb edəcəkdir! Çünki bizdə bütün islahatlar adətən xalqın tələbi ilə baş verir.
Ancaq indinin özündə metroda islahatlar gözümüz önündədir. Bunu inkar etmək üçün gərək “28 may”da pik vaxtı qatar gözləməyəsən. (Diferensial cümlədir, kim necə istəyir anlasın). Məsələn, təzəlikcə hansısa stansiyada süfrə açıb suşi yemişdilər. Halbuki, mənim yadıma gəlir, sovetin vaxtında, həmçinin AXC-Müsavat cütlüyü dövründə metromuzda çörək növbələri olurdu. Gecələr metroda atışma gedirdi. Cəbhəçilər bəzi vaqonları oğurlayıb evlərinə aparmışdı. Çox pis vaxt idi, mən həmişə gənclərə deyirəm ki, xoşbəxtsiniz, o ağır günləri görmədiniz. Lakin kimin ağlına gələrdi ki, bir gün biz metroda suşi yeyəcəyik? Əminəm ki, bəzi stansiyalarda qara kürü yaxmacı, ceyran antrikotu, Beyləqan quzusunun ağ ətindən kabab və sairə delikateslər də sərnişinlərə təqdim edilir.
Girişdə yazdığım kimi, bolluqdur və sadəcə bəzi lazımsız ərzaqların qiymətləri yenidən müəyyən edilir. Məsələn, dana əti. Bir gün baxırsan 10 manatdır, səhər gəlirsən, 20 manat olur. Quzu əti, kərə yağı, pendir, çay-may da onun kimi. Bunlar hamısı insanların sağlamlığına ziyanlı məhsullardır. Xalqımızın inancları da belə şeylərdən imtina etməyi diqtə edir. Çünki millətin fikrincə insan nə yesə, ona oxşayır. Donuz yeyən donuz olur, balıq yeyən balıq, toyuq yeyən toyuq və sairə. Məntiqlə, biz nə qədər çox dana əti yesək mal-qaraya çevrilməyimiz sürətlənər. Qoyun yeməyin ağır nəticələrini heç yazmaq istəmirəm - xalqımız elə bəlaya düçar olmasın, amin. Bu kimə lazımdır axı?! Gül-çiçək, öt-əncər yeyək, yaşıl olaq, ətirli olaq!
Yazını da qədim Çin müdriklərindən Konfutsinin kəlamı ilə bitirirəm: “Hökmdar küləkdir, xalq otdur. Külək hara əssə, ot həmin tərəfə əyilər”. Kişi bir şey bilməsə deməzdi.
Seçmək imkanım olsa şəxsən mən eşşək qanqalı olmağı istəyirəm. Hər yaz çoxlu qanqal yeməyə çalışaraq bu potensialımı artırmaqdayam.