RU

Ankara-İrəvan münasibətlərində mühüm gəlişmə 

Ərdoğanın xüsusi elçisi ilk dəfə Ermənistanda oldu; sərhədlər açılır? - rəylər 

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanda səfərdədir. O, Ermənistan tərəfinin xüsusi nümayəndəsi Ruben Rubinyan ilə Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsində görüşüb.

Xatırladaq ki, Sərdar Kılıç bir gün əvvəl verdiyi açıqlamalarla diqqət çəkmişdi. O bildirmişdi ki, Ermənistan tərəfi ilə təmaslar davam edir, müxtəlif məsələlər araşdırılır və əvvəlki fəaliyyətlər dəyərləndirilir:

“Gələcəkdə iki ölkə, xüsusilə də regionun iqtisadi həyatı üçün nələrin edilə biləcəyini müzakirə edəcəyik” - deyə Kılıç qeyd edib.

Diplomat həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, bu rabitə xətti yalnız Ermənistan və Türkiyə üçün deyil, eyni zamanda Orta Asiya və türk respublikaları ilə əlaqələrin genişlənməsi baxımından da mühüm rol oynayır:

“Prezidentimizin göstərişi ilə bu xəttin qısa zamanda açılmasını və ilk növbədə İğdır və Qars bölgələrinin iqtisadiyyatına töhfə verməsini istəyirik” - deyə o əlavə edib.

Sərdar Kılıç Ermənistan tərəfinin də məsələyə müsbət yanaşdığını vurğulayıb:

“Bu gün ”sərhədi açmağa hazırıq" şəklində bəyanat verdilər. Təbii ki, bu, hər kəsin xeyrinədir. Bəzi texniki məsələlər mövcuddur, amma niyyətləri ilə bağlı heç bir problem görmürük".

Bəs Türkiyə-Ermənistan sərhədi hansı şərtlər daxilində açıla bilər? Sülh müqaviləsindən əvvəl bu mümkündürmü?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra necə ki, Azərbaycanla Ermənistan arasında təmaslar artdı, dialoqlar genişləndi, eləcə də paralel olaraq Ermənistanla Türkiyə arasında da münasibətlərdə yeni mərhələ açıldı. Xüsusi nümayəndələr təyin edildi, müxtəlif görüşlər keçirildi və bu görüşlər getdikcə daha da intensivləşməyə başladı.

Elxan

 Elxan Şahinoğlu

Xüsusən də 8 avqust Vaşinqton razılaşmasından sonra artıq Türkiyə ilə Ermənistan arasında irəliləyiş istiqamətində daha fərqli və ciddi addımların atılacağı proqnozlaşdırılırdı. Bu addımların əsas istiqamətlərindən biri sərhədlərin açılması ilə bağlı idi. Lakin Türkiyə hələlik bu məsələdə konkret addım atmayıb. Böyük ehtimalla Ankara, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir.

Təbii ki, bundan əvvəl də İrəvanla Ankara arasında dialoqun daha da genişlənəcəyi, müəyyən texniki məsələlərdə razılaşmaların əldə ediləcəyi, gediş-gəlişin artacağı ehtimal olunur. Bu siyasət, əslində, Azərbaycanın maraqlarına da zidd deyil. Əksinə, hesab edirəm ki, nə qədər çox Ermənistanın Azərbaycanla və Türkiyə ilə dialoqu artsa, gələcəkdə sərhədlər açılsa və ticarət əlaqələri genişlənsə, bu proses yalnız Ermənistanın deyil, eyni zamanda Azərbaycan və Türkiyənin də xeyrinə olacaq. Çünki Ermənistanın həm iqtisadi, həm də kommunikasiya baxımından Azərbaycan və Türkiyədən asılılığı artacaq və regionda yeni əməkdaşlıq mühiti formalaşacaq".

Vətən

Yücel Karauz 

Ehtiyatda olan türkiyəli general Yücel Karauz qeyd edib ki, Türkiyə Qafqaz siyasətini Azərbaycandan ayrı şəkildə yürütmür:

“Yəni bu, İkinci Qarabağ müharibəsindən əvvəl də belə idi, müharibə dövründə də belə oldu, 2020-ci ildən sonrakı mərhələdə də bu istiqamətdə davam edir.

8 avqustda Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra Türkiyə Ermənistan ilə koordinasiyalı olaraq yeni təmaslar həyata keçirilir. Bu əlaqələr təkcə dövlət rəhbərləri səviyyəsində deyil, həmçinin xarici işlər nazirləri, təhlükəsizlik strukturlarının rəhbərləri və digər dövlət rəsmiləri arasında da aparılır.

Xüsusilə 2020-ci ildən 2025-ci ilə qədər olan dövrdə Azərbaycanda zaman-zaman belə bir sual ortaya çıxırdı: “Görəsən, Türkiyə Qafqaz siyasətində Azərbaycandan ayrı bir yol seçirmi?” Lakin əvvəllər də qeyd etdiyim kimi, biz bir millətin övladları olaraq iki dövlət şəklində həm Qafqaz siyasətimizi, həm də bölgəsəl və qlobal siyasətlərimizi eyni istiqamətdə, koordinasiyalı şəkildə yönləndiririk.

Türkiyə, Amerikada imzalanan Vaşinqton razılaşmasından sonra sülh müqaviləsi imzalanmadan Ermənistanla sərhədləri aça bilməz və açmamalıdır. Belə bir məsələ gündəlikdə yoxdur. Hazırda keçirilən görüşlər, istər xüsusi təmsilçilər vasitəsilə, istərsə də beynəlxalq platformalarda aparılan danışıqlar yalnız texniki xarakter daşıyır. Onların əsas məqsədi sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə ilə Ermənistan münasibətlərinin sürətli şəkildə normallaşması və sərhədlərin açılması üçün zəmin hazırlamaqdır.

Bir daha xüsusi vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycanın məlumatı və koordinasiyası olmadan, sərhədlərin açılması da daxil olmaqla, heç bir addım atmayacaq. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər. Bu, həm tarixi, həm siyasi, həm də geosiyasi reallıqlardan irəli gələn bir yanaşmadır".

Xalidə GƏRAY, 
“Yeni Müsavat”

Избранный
32
1
musavat.com

2Источники