RU

Regionun yeni siyasi və iqtisadi xəritəsi formalaşır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ING Group”: Sülh sazişinin imzalanması Ermənistanın gələcək iqtisadiyyatı üçün həlledici rol oynayacaq

Niderlandın ən böyük bank-maliyyə institutlarından biri olan “ING Group” MDB-nin dörd ölkəsinin - Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistanın qlobal çağırışlar və gözlənilən xarici siyasət riskləri fonunda faydalanaraq dayanıqlı inkişafı davam etdirdiyini bəyan edib. Adıçəkilən tədqiqat qrupunun ekspert komandasının qənaətinə görə, qlobal fraqmentasiyalardan daha yaxşı faydalanan Qazaxıstan və Özbəkistan iqtisadiyyatı gözləntilərdən daha yaxşı iqtisadi artım templəri nümayiş etdirib.  Eyni zamanda, Azərbaycan və Ermənistan mövcud geosiyasi risklər şəraitində faydalanmağa bacarıb, əhəmiyyətli artımlar əldə edib. Digər MDB ölkələrində bu dinamika nəzərəçarpacaq səviyyədə olmayıb.

Makrosabitliyin möhkəm sütunları mövcuddur

Niderlandın bank qrupunun açıqlamasına görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı ötən illə müqayisədə daha mülayim artım templəri nümayiş etdirir. İyulda ÜDM yanvar-iyun aylarında illik 1,5 faiz artdıqdan sonra 2,3 fazi azalsa da, qeyri-neft mənbələri ümumi iqtisadi artımı təmin edib. Hökumətin stimullaşdırıcı büdcə və kredit siyasətləri çərçivəsində qeyri-neft dinamikası əlavə dəyərin formalaşmasında üstünlük təşkil etməkdədir.  Xarici ticarət və tədiyyə balansında müsbət saldonun qeydə alınması makrosabitliyin möhkəm sütunlarda dayandığını göstərir. Büdcə ÜDM-in 2,6 faiz səviyyəsində qeydə alınan profisiti maliyyə-fiskal yığımların əvvəlki fiskal hərarətinin davam etməsini təsdiqləyir.

Azərbaycanda monetar amil də ümidvericidir, yürüdülən uçot siyasəti faiz dərəcələrinin yumşalmasından xəbər verir. Belə ki, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə endirib, sentyabrda da eyni dərəcədə saxlaması sərt pul siyasətindən daha konservativ olduğunu şərtləndirmklə bank sektoru üçün əlverişli faiz tətbiq etməsinə imkan yaradır. Bu tendensiya ölkənin maliyyə dayanıqlığına da işarə edir, Azərbaycan manatının sabitliyinin bir göstəricisi olaraq çıxış edir. Manat ABŞ dollarına nisbətdə 1,7 səviyyəsində sabit olaraq qalır və bu sabitliyin 2025-ci il ərzində qüvvədə qalacağı gözlənilir.

İnflyasiya ilə bağlı gözləntilər qaneedicidir

“ING Group”un Azərbaycanda orta illik inflyasiya ilə bağlı proqnozu da qaneedicidir. Gözləntilərə əsasən, 2025-ci ildə 4,7 faiz, 2026-cı ildə isə 4,5 faiz qiymət indeksi dəhlzi formalaşacaq. Qarşıdakı dövrdə qiymət indeksinə təsir edən daxili və xarici faktorlar dəhlizi dəyişə bilər, bölgədə geosiaysi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada  geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi,  beynəlxalq  logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın  hədəf səviyyələrindən  yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər. Ancaq, Azərbaycan Mərkəzi Bankının inflyasiyanı nəzarət hədəfində saxlaması və anti-inflyasiya tədbirlərində intizamlı addımları qiymət indeksinin proqnozlaşdırılan həddə qalacağına əsaslar yaradır.

Olkəmizdə investisiya mühitinin əlverişliliyi maliyyə təşkilatlarının daxili və xarici bazar konyukturalarında rəqabətli fəaliyyət kursunu saxlamağa kömək edib, ən əsası isə dövlətin qlobal bazarda mövqeyi yaxşılaşıb. “Moody’s”, “Standart and Poors” kimi nüfuzlu reytinq agentlikləri Azərbaycanın reytinqinin investisiya dərəcəsinə yüksəldib. Bu qərar məcmu ehtiyatların artmasına müsbət təsir göstərməkdə davam edəcək.

Sülh sazişinin imzalanması regional əhval-ruhiyyəni dəyişəcək

“ING” analitiklərinin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regional əhval-ruhiyyəni xeyli müsbət yöndə dəyişdirməklə  mühüm siyasi amil kimi həm də iqtisadi situasiyalara  pozitiv təsir edə bilər. Regionda sülh və sabitliyin dayanıqlı bərqərar olması böyük bir coğrafiyada rifah və inkişaf arxitekturasını möhkəmləndirmiş olacaq. Regionda investisiya, müştərək biznes proqramları, nəqliyyat, logistika, tranzit həmrəyliyinin formalaşması çoxtərəfli iqtisadi platformalar yaratmaqla bütün tərəflərin faydalanmasına səbəb ola bilər.

ING hesab edir ki, sülh sazişinin imzalanması Ermənistan üçün daha çox əhəmiyyət kəsb edir və sülh prosesi İrəvanın gələcək iqtisadi həyatı üçün daha həlledici rol oynayacaq, iqtisadiyyatda gözlənilən təhlükələri qarşılamış olacaq. Belə ki, Ermənistan iqtisadiyyatı 2023-2024-cü illərdəki artımlardan sonra yavaşlamaqdadır. 2025-ci ilin birinci yarısında ÜDM illik müqayisədə 5,6 faiz artsa da, makrofiskal mühit qeyri-qənaətbəxşdir. Büdcə kəsirinin ÜDM-də nisbəti 4 faizə qədər genişlənib və ticarət kəsiri daha çox artmaqdadır. Hazırda ÜDM-in təxminən 15 fazinə bərabər olan xarici ticarət kəsiri mənfi saldonu gücləndirir, xarici birc artır, daxili yığım resursları yetərli deyil. Bütün bu və digər amillər Ermənistan iqtisadiyyatını zəiflədir.

Ermənistan iqtisadiyyatı üçün nicat qapısı açıla bilər

İstisna deyil ki, Ermənistanın iqtisadiyyatı uzun illərdir ki, Rusiya faktoru hesabına böyüyb, başqa coğrafiyalardan gəln məhsullarının təkrar ixrac sxemləri, yəni re-eksport hesabına Rusiyaya yönləndirilməsi bu ölkənin “oturaq” əlavə dəyər qazanmasına səbəb olub. Milli istehsalın və ixracın hədsiz zifliyinə baxmayaraq, İrəvan hökuməti Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bölgədə re-eksport mərkəzinə çevrilərək, Rusiyaya qarşı sanksiyalaşdırılmış malları daşıyıb. Nəticədə ölkənin ticarət balansı və ixracı 4-5 dəfə artıb. Təbii ki, bu süni artımdır və arxasında real milli istehsal və ixrac dayanmır. Ona görə də, süni ixrac və müvəqqəti artım yaradan bu sxemin artıq təsirləri hiss olunur və Rusiyadakı iqtisadi geriləmə ən çox Ermənistanı “vurur”.

Məhz bu situasiyaya işarə edən “İNG” Ermənistanın birsütunlu və təminatsız ticari-iqtisadi blokunun dəyişdirilməsinin zəruriliyinə toxunaraq dayanıqlı inkişafın yolu kimi sülhə və regional inteqrasiyaya qoşulmasını görür. Analitik qrupun vurğuladığı kimi Ermənistanın gələcək inkişafını təmin edəcək resursların böyük əksəriyyəti regiondakı birgə müştərək layihələrdən və logistika-ticarət imkanlarından, habelə qarşılıqlı ticarət sxemlərindən faydalanmaqdır. Bir sözlə, sülh Ermənistan iqtisadiyyatı üçün həm də nicat qapısıdır.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
1
yeniazerbaycan.com

2Источники