Favoritlər sırasında göstərilən Türkiyə İsveçi 6 xal fərqi ilə məğlub etdi. Qardaş ölkənin yığmasının 85:79 hesabıyla qalib gəldiyi oyunda Alpərən Şəngün parladı – 24 xal, 16 ribaund, 6 ötürmə.
Rimas Kurtinaytisin çalışdırdığı Litva da bu mərhələsə Latviyanı məğlub etməyi bacardı. Riqada keçirilən oyunda meydan sahiblərindən Kristaps Porzingisin 34 xal toplaması da qələbə üçün kifayət etmədi.
Hər kəsin qitə çempionluğunu qazanmağa əsas namizəd kimi göstərdiyi Serbiya gözlənilmədən Finlandiyaya uduzdu – 86:92. Serblərin mərkəz oyunçusu Nikola Yokiç 33 xal, 8 ribaund və 3 ötürmə ilə yadda qaldı. Finlərin heyətində isə Lauri Markkanen möhtəşəm təsir bağışladı – 29 xal, 8 ribaund, 3 ötürmə. Serbiya yığmasının baş məşqçisi Svetislav Peşiç sürpriz məğlubiyyəti belə izah etdi:
“Finlandiyanı yetərincə qiymətləndirmədiyimizi demək olmaz – rəqib fantastik komandadı. Oyunun taleyini finlərin hücum ribaundlarını əldə etməsi müəyyənləşdirdi. Finlandiya qələbəni haqq etdi. Əla oyun alındı. Kimsə rəqibi dəyərləndirmədiyimizi düşünürsə, yanılır. Finlər böyük enerji ilə oynayır, əla atışlar edirlər, ribaundlarına da söz yox. Bu gün səbətimiz altında 20 dəfə topu ələ keçirdilər”.
Peşiç hələ istefasını açıqlamasa da,məğlubiyyət üzündən belə qərar verənlər də var. İtaliya 1/8 finalda Sloveniyaya uduzdu – 77:84. Apenninlilər rəqibin lideri – 42 xal və 10 ribaund ilə yadda qalan Luka Donçiçlə bacarmadı. Oyundan sonra İtaliya yığmasının baş məşqçisi Canmarko Potsekko vəzifəsindən getdiyi elan etdi. 52 yaşlı mütəxəssis 2022-də yığmanın “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında elə həmin il qitə birinciliyində, 2023-də isə dünya çempionatında 1/4 finala qədər irəliləyib.Beləliklə, 1/4 finalda bu cütlər qarşılaşacaq: Litva – Yunanıstan, Türkiyə - Polşa, Almaniya – Sloveniya, Finlandiya – Gürcüstan. Oyunlar sentyabrın 9-10-da keçiriləcək.
Son Avropa çempionu İspaniyanın və əsas favorit sayılan Serbiyanın artıq mübarizəni dayandırdığını nəzərə alsaq, Türkiyə bu turnirdə finala çıxa bilər.
1/8 final
Almaniya – Portuqaliya 85:58 (17:12, 14:20, 21:19, 33:7)
Litva – Latviya 88:79 (28:18, 19:19, 19:17, 22:25)
Türkiyə - İsveç 85:79 (20:23, 17:19, 26:13, 22:24)
Serbiya – Finlandiya 86:92 (24:28, 24:16, 18:24, 20:24)
Yunanıstan – İsrail 84:79 (28:22, 22:19, 17:18, 17:20)
Polşa – Bosniya və Hersoqovina 80:72 (14:23, 26:21, 22:17, 18:11)
İtaliya – Sloveniya 77:84 (11:29, 29:21, 16:22, 21:12)
Fransa – Gürcüstan 70:80 (20:24, 17:14, 17:20, 16:22)