İsrailli şahmatçılar turniri tərk etmək məcburiyyətində qalıblar
Ajans.az xəbər verir ki,bu barədə “El País” nəşri məlumat yayıb. Məlumata görə, yarış təşkilatçıları israilli iştirakçıların turnirdə iştirakına açıq şəkildə qarşı çıxıblar. Bu səbəbdən yeddi israilli şahmatçı yarışdan könüllü şəkildə imtina edib. Qeyd edilir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mövcud qaydalarına əsasən, təşkilatçılar İsraildən olan idmançıların iştirakını qəbul etmək öhdəliyi daşıyırdılar. Lakin turnir rəhbərliyi onların yarışda iştirakını istəmədiklərini rəsmi şəkildə bəyan edib. FIDE-nin mövqeyinə görə, üzv ölkələrin idmançılarına siyasi və ya mənşə əsaslı diskriminasiya yolverilməzdir və bu cür hallar federasiya tərəfindən sanksiyalarla nəticələnə bilər. Hazırda məsələ ilə bağlı rəsmi araşdırmanın başlanması gözlənilir. Bu hadisə, İsrailə qarşı beynəlxalq idman təşkilatları səviyyəsində artan siyasi təzyiqlərin fonunda baş verib. Avqustun 14-də BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) İsrail yığmasının beynəlxalq turnirlərdən diskvalifikasiya edilməsinə çağırıb. Albanese bu çağırışı Fələstin millisinin keçmiş futbolçusu Süleyman Əl-Obeidin İsrail ordusunun hücumları nəticəsində həlak olması ilə əlaqələndirib və UEFA-nı məsələyə münasibət bildirməyə səsləyib.