Münhendə keçirilən beynəlxalq avtosalonda BMW uzun zamandır gözlənilən yeni iX3 krossoverini təqdim edib. Bu modelin premyerası ilə yanaşı, markanın yenilənmiş loqosu da debüt edib və sərgidə ən diqqətçəkən yeniliklərdən biri olub.
Ölkə.Az-ın məlumatına görə, BMW nümayəndəsi "Carscoops" nəşrinə bildirib ki, yenilənmiş loqo mərhələli şəkildə markanın digər avtomobillərinə də tətbiq olunacaq. Bu, korporativ üslubun yenilənməsi üzrə ümumi strategiyanın bir hissəsidir.
Əslində, BMW nişanındakı dəyişikliklər radikal deyil. Bu, daha çox dizaynın kiçik modernizasiyasıdır — xrom detallarının sayı azaldılıb, elektrik modelləri üçün ənənəvi istifadə olunan mavi xarici dairə götürülüb. Hərflər daha incə olub, loqo isə daha az qabarıq görünür.
Sonuncu dəfə Bavariya şirkəti öz loqosunu 2020-ci ildə dəyişmişdi. O zaman yenilənmiş nişan ilk dəfə "Concept i4" prototipində nümayiş etdirilmişdi. Bundan başqa, beş il əvvəl "BMW M" idman bölməsinin və elektrik seriyası "BMW i"nin loqoları da dəyişdirilmişdi.