RU

Yankoviç oynamadı, komandası darmadağın oldu - icmal

Xorvatiya ilə səfər oyunu Monteneqro üçün qrupda ciddi hədəflər uğrunda mübarizə aparmaq baxımından son şans idi. Ancaq Marko Yankoviçin də şərəfini qoruduğu komanda böyük uğursuzluğa düçar oldu.

Artıq ilk dəqiqələrdə qonaqlar müdafiçi Vuyaçiçi zədə üzündən əvəzlədi. 35-ci dəqiqədə Yakiç uzaq məsafədən zərbə ilə xorvatları irəli çıxardı. Qonaqların müdafiə xətti pərən-pərən düşdü. Hətta o dərəcədə ki, təcrübəli Saviç topu arxaya ötürərkən dirəyə vurdu. “Damalılar” isə get-gedə təzyiqi artırırdı. Və bu prosesdə Modriç əsas rolu oynayırdı. Zlatko Daliçin ötən qarşılaşmada dincəlmək imkanı yaratdığı veteran futbolçu (yeri gəlmişkən, sentyabrın 9-da 40 yaşını tamamladı – red.) çox fəal görünürdü. Bulatoviç 42-ci dəqiqədə məhz cərimə meydançasına şığıyan Modrişə qarşı kobudluğa görə 2-ci “sarı”, deməli, həm də “qırmızı” ilə cəzalandı.

Say üstünlüyü qazanan xorvatlar 2-ci hissədə sakitcə fərqi darmadağın həddinə çatdırdı. Əvvəlcə Modriçin künc zərbəsindən ötürməsini Stanişiç Kramariç üçün qol vəziyyətinə çevirdi, ardından “Neftçi”dən yaxşı tanıdığımız Edvin Kuç Mayerin zərbəsini qarşılamaq istəyərkən avtoqola səbəbkar oldu, lap sonda Perişiç 4-cü qolu vurdu. Bu oyunda zərbələrin nisbəti belə oldu – 33:3.

Yeri gəlmişkən, əvvəlki oyunda əvəzlənən Yankoviç bu dəfə monteneqroluların heyətində görünmədi. 4 oyunun hamısında qələbə qazanan Xorvatiya 1-ci, bir oyun artıq keçirən Çexiya 2-ci pillədə qərarlaşıb.
Qrupun digər oyununda aşkar autsayderlər – Cəbəllütariqlə Farer adaları qarşılaşdı. Aqnarssonun 68-ci dəqiqədə vurduğu qol qonaqlara qələbə qazandırdı.

L qrupu
6-cı tur
Xorvatiya – Monteneqro 4:0 (1:0)

Xorvatiya: Livakoviç, Stanişiç, Çaleta-Sar, Şutalo, Yakiç, P.Suçiç (Mayer, 70), Modriç (Moro, 82), Perişiç, Kramariç (Baturina, 70), Mario Paşaliç (Fruk, 61), İvanoviç (Budimir, 61).
Monteneqro: Petkoviç, Şipçiç, Saviç, Vuyaçiç (Rubejiç, 7), Samay (A.Vukçeviç, 60), Brnoviç (Kuç, 74), Bulatoviç, Roqanoviç, Yovetiç (Lonçar, 60), Vukotiç (Bakiç, 46), Krstoviç.
Qollar: Yakiç, 35 (1:0). Kramariç, 51 (2:0). Kuç, 86-öz qapısına (3:0). Perişiç, 90+2 (4:0).
Vərəqələr: Çaleta-Sar, 25. Bulatoviç, 34. Saviç, 43 – sarı. Bulatoviç, 42 – qırmızı (ikinci sarı).
Hakim: Feliks Svayer (Almaniya).
8 sentyabr. Zaqreb. 21209 tamaşaçı.

Cəbəllütariq – Farer adaları 0:1 (0:0)
Cəbəllütariq: Benda, Valarino (Mauro, 83), Lopeş, Makklafferti, Colli, Riçards, Torilya (Borq, 75), Pozo (Cessop, 83, De Barr, C.Skenlon (L.Skenlon, 83), Del Rio (Əl-Hmidi, 70).
Farer adaları: Lamhauqe, A.Edmundsson, Vatnhamar, Çukvudi, Aqnarsson, David Turi (Andreasen, 73), Hendriksson Olsen, Benyaminsen (Danielsen, 59), Byartalid (Serensen, 59), Klettskar (Y-S.Edmundsson, 59), Frederiksberq (Olsen, 86).
Qol: Aqnarsson, 68.
Vərəqələr: Torilya, 18. Pozo, 61. Riçards, 77. Lamhauqe, 90+1 – sarı.
Hakim: Məhəmməd Əl-Hakim (İsveç).
8 sentyabr. Cəbəllütariq. 1603 tamaşaçı.

1. Xorvatiya 4 4 0 0 17-1 12
2. Çexiya 5 4 0 1 11-6 12
3. Farer adaları 5 2 0 3 4-5 6
4. Monteneqro 5 2 0 3 4-9 6
5. Cəbəllütariq 5 0 0 5 2-17 0

9 oktyabr: Çexiya – Xorvatiya, Farer adaları – Monteneqro.

Oyundan sonra
Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi:
“Dünya çempionatına doğru daha bir addım atdıq. Gözəl oyun keçirdik, dominantlıq etdik, say üstünlüyü qazanandan sonra işimiz asanlaşdı. Elə ilk dəqiqələrdən inamlı oynadıq, yaxşı kombinasiyalar qurduq. Dörd möhtəşəm qələbə qazanmışıq. Rəqiblərin səviyyəsi öyrəşdiyimiz dərəcədən bir qədər aşağı olduğundan futbolçulara onları hədsiz aşağı qiymətləndirməməklə bağlı xəbərdarlıq etmişəm. Biz bundan da yaxşı oynamalıyıq. Yaxşı olar ki, Praqada dünya çempionatına vəsiqə qazanmağın öhdəsindən gələk. Modriç? O, bir daha yaşa dolduqca daha yaxşı oynadığını göstərdi. Luka fantastik oynayır, unikal futbolçudu. Ambisiyalı şəkildə yığmanı arxasınca aparır, təslim olmur, dünya çempionatına getməyimizi və orda yaxşı nəticə göstərməyimizi istəyir”.

Bombardirlər: Holann (Norveç) – 9, Kramariç (Xorvatiya) – 6.
Избранный
4
1
football-plus.az

2Источники