Portuqaliya seçmə turnirdə ardıcıl 2-ci qələbəsini qazanmaqla vahid liderliyini davam etdirdi. Qrupun digər oyununda Ermənistana uduzan İrlandiya yığması isə sonuncu yerə düşdü.
Sentyabrın 6-da Ermənistanı İrəvanda 5 cavabsız qolla darmadağın edən Portuqaliya Budapeştdəki oyuna da fəal başladı. Roberto Martinesin komandası topa daha çox sahib olsa da, macarların inamlı müdafiəsini yarmaqda çətinlik çəkirdi.
Maraqlıdı ki, hissənin ortalarında ev sahiblərinin yaratdığı təhlükəli vəziyyət qolla nəticələndi. Varqanın hesabı açması qonaqları sanki cin atına mindirdi. Bir neçə yaddaqalan hücum quran pireneylilər 15 dəqiqə sonra Kanselonun ötürməsini dəyərləndirən Bernardo Silva ilə cavab qolunu vurdular.
Matçın ilk saatının sonuna az qalmış penalti qazanan Kriştiano Ronaldo gözəl şansı qaçırmadı. “Əl-Nəssr”in 40 yaşlı hücumçusunun qolundan sonra Portuqaliyanın qələbə hesabını elə bir çətinlik çəkmədən qoruyacağını düşünmək olardı. Lakin sona yaxın fəallaşan macarların əsas qol ümidi sayılan, “Ferentsvaroş”dan yaxşı tanıdığımız Varqa hesaba tarazlıq gətirdi. Amma bu, “Puşkaş Arena”dakı oyunda qeydə alınan sonuncu qol olmadı. Dərhal irəli atılan portuqalların cinah müdafiəçisi Kanselo topu qapının uzaq küncünə yönəltdi. Əsəbi və layiqli şəkildə qələbə qazanan Martinesin komandası favorit statusunu bir daha doğrultdu.
Ermənilər portuqallara böyükhesablı məğlubiyyətdən sonra qısa müddətdə bərpa oluna bildilər. İrəvanda İrlandiya ilə keçirilən oyunun gedişi və nəticəsi bunu deməyə əsas verir. İlk hissədə azacıq üstünlüyə malik olan meydan sahibləri fasilə ərəfəsində penalti ilə hesabı açdılar. Spertsyanın vurduğu qol sanki qonaqlara psixoloji cəhətdən mənfi təsir etdi. Bundan maksimum yararlanan qonşularımız 51-ci dəqiqədə Ranos ilə ikinci qolu vurdular. İrlandlar yalnız bundan sonra özlərində güc taparaq oyun planında üstünlüyü ələ ala bildilər. Onların qalan vaxtdakı səyləri isə təsəlli qolunu vurmağa imkan yaratdı.
F qrupu
2-ci tur
Macarıstan – Portuqaliya 2:3 (1:1)
Macarıstan: B.Tot, A.Salai, Orban, Neqo, Kerkez (Dardai, 90), Stayls (Vitaliş, 81), Bolla (Qruber, 90), Soboslai, A.Tot (Ötvöş, 60), Nad (Lukaç, 60), B.Varqa.
Portuqaliya: Dioqo Koşta, Kanselo, Diaş, Mendeş, Ruben Neveş, Vitinya (A.Silva, 87), Netu (Feliş, 79), Joao Neveş (Palyinya, 80), Fernandeş (Trinkan, 66), B.Silva, Ronaldo (Ramuş, 87).
Qollar: B.Varqa, 21 (1:0). B.Silva, 36 (1:1). Ronaldo, 58-p. (1:2). B.Varqa, 84 (2:2). Kanselo, 86 (2:3).
Vərəqələr: B.Varqa, 57. B.Silva, 77 - sarı.
Hakim: Erix Lambrexts (Belçika).
9 sentyabr. Budapeşt. 61473 tamaşaçı.
Ermənistan - İrlandiya 2:1 (1:0)
Ermənistan: Çançareviç, Piloyan, Arutyunyan, Muradyan, İvu, Spertsyan, Selarayan (Şaqoyan, 73), Barseqyan (Serobyan, 78), Ohanesyan, Ranos (Biçaxçyan, 66), Tiknizyan.
İrlandiya: Kelleher, O’Şi, O’Brayn, Kollinz, Menninq (Skeyls, 82), Kallen (Fillips, 70), Knayt, Azaz (Conston, 70), Oqbene (Makateer, 46), Teylor (Ayda, 46), Ferqyuson.
Qollar: Spertsyan, 45+1-p. (1:0). Ranos, 51 (2:0). Ferqyuson, 57 (2:1).
Vərəqələr: Knayt, 80. Ohanesyan, 90+9 - sarı.
Hakim: Georgi Kikaçeyşvili (Gürcüstan).
9 sentyabr. İrəvan. 13144 tamaşaçı.
1. Portuqaliya 2 2 0 0 8-2 6
2. Ermənistan 2 1 0 1 2-6 3
3. Macarıstan 2 0 1 1 4-5 1
4. İrlandiya 2 0 1 1 3-4 1
11 oktyabr: Macarıstan - Ermənistan, Portuqaliya - İrlandiya.
Faktlar
* Klubda və yığmada keçirdiyi son 9 oyundan səkkizində qol vuran Ronaldo bu matçlarda qapıya 9 dəfə yol tapıb, 1 dəfə isə məhsuldar ötürmə verib.
* Ronaldo yığmada qollarının sayını 141-ə çatdırmaqla sahibi olduğu dünya rekordunu yenilədi. Bu planda 2-ci yeri tutan Lionel Messinin hesabında 114 qol var.
* Ronaldo karyerasında qollarının sayını 943-ə çatdırmaqla sahibi olduğu dünya rekordunu yenilədi. O, bu qollardan 802-ni klub səviyyəsində vurub.
* Ronaldo dünya çempionatının seçmə turnirində qollarının sayını 39-a çatdırmaqla qvatemalalı Karlos Ruisə məxsus rekordu təkrarladı. Seçmə turnirdə qol sayına görə 3-cü yeri Lionel Messi (36), 4-5-ci yerləri, uyğun olaraq, iranlı Əli Daei (35) ilə polşalı Robert Levandovski (33) tutur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта