RU

İllər boyu uşaqlarımızın başını səmərəsiz tarix dərslikləriilə qatıblar - kimlər məsuliyyət daşımalıdır...


Kamran Əsədov: “Azərbaycan tarixi” dərslikləri – istər V sinif, istərsə də XI sinif üçün olsun – bu tələbi tam ödəmir”

“Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”. Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, tarix kitablarının çoxu tarixi faktların sıralanmasından ibarətdir: "Hesab edirəm ki, bu, dəyişməlidir. Mütəxəssislər yeni normal dərsliklər hazırlamalıdır”.

Nazirin tarix dərsliyi ilə bağlı açıqlaması müzakirəyə səbəb olub. Ancaq müəlliflər buna heç bir reaksiya verməyib. Halbuki müəlliflər bu dərsliklərə görə çoxlu məbləğdə pul əldə ediblər.

Həmçinin, maraqlı məqam ondan ibarətdir ki, hansı tarix dərsliyində problem var? Konkret hansı tarix dərsliyindən söhbət gedir?

Təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a bildirdi ki, elm və təhsil nazirinin “Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil” fikri əslində ümumi problemə işarədir və bu, konkret bir müəllif və ya bir dərsliklə məhdudlaşmır: “Azərbaycan təhsil sistemində “Azərbaycan tarixi” fənni üzrə bir neçə sinif üçün (V–XI siniflər) dərsliklər mövcuddur və onlar müxtəlif müəllif qrupları tərəfindən hazırlanıb. Bu kitabların hamısı dövlət vəsaiti hesabına çap olunur, müəlliflər isə hər yeni nəşrdə qonorar alırlar. Ona görə də ictimaiyyətdə “məbləğ” məsələsi gündəmə gətirilir. Nazirin vurğuladığı əsas problem dərsliklərin metodoloji yanaşması ilə bağlıdır. Məsələ ondadır ki, dərsliklər faktların sadalanması üzərində qurulub, lakin şagirdin yaş psixologiyası, mətnin izah dili və anlaşıqlılığı nəzərə alınmayıb. Məsələn, V–VII sinif şagirdləri üçün dərsliklərdə hadisələrin səbəb-nəticə əlaqələrinə yox, faktların sadəcə xronoloji sıralanmasına üstünlük verilir.

Azərbaycan təhsil sistemində dərsliklərin dili və məzmun keyfiyyəti uzun illərdir ən çox müzakirə olunan mövzulardan biridir. Ən son olaraq elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı çıxışında “Azərbaycan tarixi” dərsliklərinin dilinin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmadığını bildirib. Bu açıqlama təsadüfi deyil, çünki dərsliklərin məzmunu ilə bağlı narazılıqlar təkcə pedaqoqlar və valideynlər arasında deyil, həm də beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın nəticələrində açıq görünür. PISA 2022 nəticələrinə görə, Azərbaycan şagirdləri oxu bacarıqlarında 389 bal toplayaraq OECD orta göstəricisindən (476 bal) geri qaldılar. Bu isə göstərir ki, şagirdlərin dərsliklərdəki mətni başa düşmə, təhlil etmə və nəticə çıxarma bacarıqları zəifdir. Bu zəifliyin səbəblərindən biri dərsliklərin dilinin çətinliyi və faktların sadalanması üzərində qurulmasıdır. “Təhsil haqqında” Qanunun 18-ci maddəsində açıq şəkildə göstərilir ki, dərsliklər şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun hazırlanmalı, onların bilikləri tətbiq etməsinə, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafına xidmət etməlidir. Lakin mövcud “Azərbaycan tarixi” dərslikləri – istər V sinif, istərsə də XI sinif üçün olsun – bu tələbi tam ödəmir. Məsələn, V sinif üçün dərslikdə “Albaniya dövlətinin yaranması və inzibati bölgüsü” bölməsində sadəcə terminlərin və faktların sıralanması verilir, amma şagirdin anlayacağı sadə dillə izah, gündəlik həyatla bağlı nümunələr və ya düşünməyə vadar edən suallar çox azdır. Eyni zamanda, XI sinifdə “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusu 40-dan artıq faktın sadalanması ilə təqdim olunur, halbuki bu mərhələdə şagirdlər üçün hadisələrin siyasi, sosial və mədəni nəticələrini izah etmək daha faydalı olardı. Biologiya dərsliklərində də eyni problem mövcuddur. Beynəlxalq standartlarda, məsələn, Sinqapur və Estoniya dərsliklərində hər bir mövzu laboratoriya işi və ya illüstrasiya ilə müşayiət olunur. Azərbaycanda isə çox vaxt mətn üstünlük təşkil edir. Məsələn, VIII sinif biologiya dərsliyində “Fotosintez prosesi” mövzusu nəzəri şəkildə verilmişdir, ancaq şagirdin prosesi müşahidə etməsi üçün sadə təcrübə tapşırığı yoxdur. Bu isə beynəlxalq standartlarla uyğun gəlmir. Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi artıq problemi açıq şəkildə dilə gətirir. Nazirliyin bu addımı dərslik siyasətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir. Əgər bu açıqlamalar sistemli işə çevrilərsə, yeni müəllif qruplarının cəlb olunması, beynəlxalq ekspertlərin iştirakı ilə dərsliklərin hazırlanması, dərsliklərin pedaqoji və psixoloji ekspertizadan keçirilməsi təmin ediləcək. Bu, həm də müəlliflər üçün məsuliyyət mexanizmi yaradacaq. Çünki indiyədək müəlliflər bu dərsliklərə görə kifayət qədər qonorar alıblar, amma cəmiyyət qarşısında hesabatlılıq mexanizmi zəif olub. Dünya təcrübəsi ilə müqayisə aparanda, Finlandiya və Estoniya dərsliklərində məzmun şagirdin gündəlik həyatı ilə əlaqələndirilir, hər mövzu şagirdi müzakirəyə cəlb edən suallarla tamamlanır. Məsələn, Finlandiya tarix dərsliyində “Sənaye inqilabı” mövzusu sadəcə xronologiya ilə yox, uşaqların gündəlik həyatına təsiri ilə izah olunur: “Əgər sən 19-cu əsrdə yaşamış olsaydın, məktəbə necə gedərdin?”. Azərbaycanda isə dərsliklərdə bu yanaşma demək olar ki, yoxdur. Gələcəkdə bu yanaşma dəyişərsə, “Azərbaycan tarixi” dərslikləri sadəcə faktların sıralanması ilə kifayətlənməyəcək, hadisələrin mahiyyəti və nəticələri şagirdin yaş səviyyəsinə uyğun izah ediləcək. Biologiya dərsliklərinə isə laboratoriya tapşırıqları, illüstrasiyalar və müasir terminologiya əlavə ediləcək. Nəticədə, dərsliklər yalnız məlumat ötürən deyil, bacarıq formalaşdıran və şagirdin marağını artıran vasitəyə çevriləcək. Hesab edirəm ki, nazirin açıqlaması konkret bir dərsliyə deyil, ümumi sistemə yönəlib. Problem həm V–XI sinif “Azərbaycan tarixi”, həm də biologiya dərsliklərində mövcuddur. Əsas məsələ bu tənqidin ardınca real dəyişikliklərin baş verməsi və yeni nəslin təhsil ehtiyaclarına cavab verən dərsliklərin hazırlanmasıdır. Elm və Təhsil Nazirliyinin bu məsələni açıq müzakirəyə çıxarması çox müsbət və strateji addımdır, çünki bu, Azərbaycan təhsilinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda əsaslı bir başlanğıcıdır”.

Günel CƏLİLOVA

Избранный
39
baki-xeber.com

1Источники