RU

Türkiyədə Bayrampaşa Bələdiyyəsinə qarşı əməliyyat: 45 nəfər saxlanılıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb.

TurkicWorld-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib.

Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.

İstintaqın başlanmasına səbəb kimi partiyalarından istefa etmiş iki Cümhuriyyət Xalq Partiyası (CHP) üzvü olan bələdiyyə məclisinin üzvlərinin şikayətlərinin rol oynadığı bildirilir.

Milliyyətçi Hərəkat Partiyası (MHP) isə Bayrampaşa Bələdiyyəsinə dair korrupsiya istintaqı çərçivəsində saxlanılanlar arasında yer alan İstanbul Vilayət İdarə Heyətinin üzvü Yasin Sönmezi və Bayrampaşa Rayon İdarə Heyətinin üzvü Emin Sönmezi partiyadan birdəfəlik xaric olunmaları üçün intizam heyətinə göndərib.

Bu arada, vəzifəsindən kənarlaşdırılmış CHP İstanbul vilayət sədri Özgür Çelik dünən günorta saatlarında Bayrampaşa Bələdiyyəsinə baş çəkib.

Избранный
49
turkic.world

1Источники