Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Uzun illərdir insanlar arasında "lal kimi susmaq” deyimi məşhur olub və balıqların səs çıxarmadığı düşünülüb. Lakin alimlərin araşdırmaları göstərir ki, balıqlar milyon illərdir bir-birləri ilə ünsiyyət qurur.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, balıqlarda səs telləri olmasa da, onlar qəlsəmələrindən, üzgəclərindən və quyruqlarından istifadə edərək müxtəlif səslər yaradırlar. Su altında çırpıntı, qırtıldama, gurultu və hətta "qurultuya bənzər” səslər çıxara bilirlər.
2014-cü ildə aparılan tədqiqat zamanı alimlər müəyyən edib ki, balıqların çoxu ünsiyyət üçün 80-dək müxtəlif səsdən istifadə edə bilir. Bu səslərin əsas səbəbləri arasında ərazi müdafiəsi, qida paylaşımı, cütləşmə və qarşıdurmalar dayanır.
Alimlərin müşahidəsinə görə, balıqlar həm də səs vasitəsilə bir-birlərini su dərinliklərində itirməmək və uyğun yaşayış mühiti tapmaq üçün istiqamətləndirirlər. Hətta korallı riflərdə yerləşdirilən xüsusi səsgücləndiricilər balıqları cəlb edərək həmin ərazilərin bərpasına kömək edib.
Balıqların səsləri yerləşdikləri mühitin vəziyyətindən də xəbər verir. Əgər su sahəsi çirklidirsə və ya yaşamaq üçün əlverişsizdirsə, onlar daha çox aşağı tezlikli səslər çıxarır. Əksinə, təhlükəsiz və rahat yerlərdə yüksək tezlikli səslərlə ünsiyyət qururlar.
Kornell Universitetindən ekoloq Aaron Rays 20 ildən artıqdır balıqların səs davranışlarını araşdırır. Onun sözlərinə görə, dəniz canlılarının ünsiyyət mövzusu əsasən qida və çoxalma ilə bağlıdır. Məsələn, "qaranquş balığı”nın səsi şüşəsilən alətinin cırıltısına, "nağaraçı balığı”nın cütləşmə dövründə çıxardığı gurultu isə demək olar ki, çəkic səsinə bənzəyir.
Elm adamlarının gəldiyi qənaət budur ki, balıqlar heç də lal deyil – sadəcə onların səslərini insan qulağı eşidə bilmir və ya başqa səslərlə səhv salır.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.