RU

Politico: Avropa Komissiyası Rusiya aktivlərini müsadirə etmədən istifadənin yolunu tapıb

Avropa Komissiyası Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyin yeni mexanizmini müzakirə edir. "Politico"nun məlumatına görə, söhbət bu aktivlərin Avropa İttifaqı tərəfindən təminat verilmiş borc öhdəlikləri formasında Kiyevə ötürülməsindən gedir.

Məlumata əsasən, Avropa Komissiyası bu təklifi sentyabrın 11-də Aİ ölkələrinin maliyyə nazir müavinlərinə təqdim edib. Rəsmi qərar hələ qəbul olunmasa da, yaxın vaxtlarda bu istiqamətdə konkret sənədin hazırlanması gözlənilir.

Planın mahiyyəti Rusiya aktivlərinin qısamüddətli, faizsiz Aİ istiqrazlarına dəyişdirilməsidir. Bu, aktivlərin birbaşa müsadirəsini nəzərdə tutmur və hüquqi riskləri azaldır. Bununla yanaşı, Brüsseldə aktivlərin müsadirəsi ilə bağlı digər variantlar da müzakirə olunur.

Qeyd edək ki, 2022-ci ilin fevralında Qərb ölkələri Rusiya Federasiyasına məxsus 190 milyard avro dəyərində aktivləri dondurub. Onların böyük hissəsi Belçikanın Euroclear mərkəzi depozitarında saxlanılır. Xarici dövlətlər bu aktivlərin yalnız faiz gəlirlərindən istifadə edə bilir, əsas vəsaitlərdən isə yox.

Hazırda əldə olunan gəlirlər G7 ölkələrinin Ukraynaya verdiyi kreditlərin qaytarılmasına yönəldilir. Lakin həm Belçika hökuməti, həm də Euroclear rəhbərliyi aktivlərin özünün istifadəsinin ciddi hüquqi çətinliklər doğura biləcəyi barədə xəbərdarlıq edib.

Sentyabrın 10-da Avropa Komissiyası sədri Ursula Fon der Lyayen bəyan etmişdi ki, Aİ Rusiya aktivlərini müsadirə etmək niyyətində deyil.

Eksperlərin sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi Aİ üçün həm siyasi, həm də iqtisadi nəticələr doğura bilər. Siyasi baxımdan, Brüssel Moskvaya qarşı sanksiya siyasətini yeni səviyyəyə qaldırmış olacaq və Ukraynanın müharibə dövründə maliyyə dayanıqlığını dəstəkləyəcək. İqtisadi müstəvidə isə belə addım Avrozonanın istiqraz bazarında yeni alətlər yarada bilər. Bununla belə, aktivlərin istifadəsi ilə bağlı mexanizmlərin qlobal maliyyə sistemində presedent yaratması da istisna deyil. Bu, gələcəkdə digər geosiyasi münaqişələr zamanı dövlət aktivlərinin taleyi ilə bağlı təhlükəli nümunəyə çevrilə bilər.

Ekspertlərin proqnozlarına görə, əgər Avropa Komissiyası bu modeli qəbul edərsə, Ukrayna 2026-cı ildən etibarən əlavə milyardlarla avroluq maliyyə dəstək paketi əldə edə bilər. Lakin hüquqi çətinliklər, Rusiya ilə mümkün məhkəmə iddiaları və beynəlxalq tərəfdaşların reaksiyası layihənin taleyini müəyyən edəcək əsas amillərdən olacaq.

Səbuhi MƏMMƏDOV

XQ

Избранный
36
xalqqazeti.az

1Источники