“Çelsi”nin yay transfer pəncərəsində heyətinə qatdığı futbolçu Alexandro Qarnaço London klubundakı debüt matçından sonra tənqid hədəfinə çevrilib.
İdman.biz xəbər verir ki, Premyer Liqanın “Brentford”la oyununda (2:2) onun müdafiədə buraxdığı səhv komandasına baha başa gəlib.
Görüşün son dəqiqələrində Qarnaçonun Fabio Karvalyoya nəzarəti itirməsi “arılar”a bərabərlik qolu qazandırıb.
Enso Mareskanın komandası bu nəticə ilə turnir cədvəlinin liderliyinə yüksəlmək imkanını əldən verib. 85-ci dəqiqədə Moyses Kaysedo “zadəganlar”ı önə çıxarsa da, əlavə olunmuş vaxtda Karvalyonun qolu hesabı 2:2 edib.
Matçdan sonra "Sky Sports"un eksperti, keçmiş Premyer Liqa yarımmüdafiəçisi Ceymi Rednapp Qarnaçonu kəskin şəkildə tənqid edib: “Bu sənin vəzifəndir – rəqibi gözdən qaçırmamaq. Artıq sən müdafiəçisən və arxanda boşluq buraxmaq olmaz. Amma Qarnaço həlledici anda diqqətini itirdi”.
Qarnaço görüşün ikinci hissəsində meydana daxil olub və hücumlarda aktiv iştirak etsə də, müdafiədəki səhvləri “Çelsi”nin “Arsenal”ı keçərək lider olmasına mane olub.
Qeyd edək ki, “zadəganlar” növbəti oyununu Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirəcək. Sentyabrın 20-də isə “Çelsi” “Old Trafford”da “Mançester Yunayted”lə qarşılaşacaq.
İdman.biz