Son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Xezerxeber.az-ın məlumatına görə, Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından alan Hunbul çayından səhər saatlarında sel keçib.
Sel kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti dayanıb.
Hazırda aidiyyəti qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.
Sel Zaqatalada da təsirli olub. Rayon ərazisinə yağan intensiv leysan yağışlar səbəbindən Tala, Muxax, Silban, Bəkməz və digər çaylarda suyun səviyyəsi kəskin artıb, Talaçaydan səhər saatlarında sel keçib.
Talaçay rayonun Makov kənd inzibati ərazisinə aid Hövtala kənd ərazisindən keçən hissəsində məcrasından çıxaraq çayın üzərindəki piyada körpüsünün bir hissəsini qəzalı vəziyyətə salıb. Hövtala kəndində 10-a yaxın evin həyətyanı sahəsini və bir-neçə sakinin fındıq bağını su basıb, təsərrüfatlara ziyan dəyib.
Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.