RU

Samir Abasov: “Bizim qapımıza 100 faiz penalti verilərdi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin “Neftçi Arena”dakı görüşündə qapılara qol vurulmayıb.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma “sağ ol” deməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar, yaxşı işlər etməyə çalışdılar. “Turan Tovuz”la oyunda xal itirsək də, 10 nəfərlə qaldıqda da dominant idik. Özümüz üçün sual verirdik ki, bu oyun necə olacaq? Bu gün daha yaxşı oynayan komanda gördük. İtkilərimiz var idi. Buna baxmayaraq, futboldan, oynadığımız oyundan çox məmnun qaldım. Azarkeşlərimizi başa düşürəm. Nəticə yoxdursa, danışılan sözlər də bəlkə qəbul olunmur. Hamı gözləyirdi ki, birinci oyunda qələbə olacaq. Başa düşürəm. Komandanı oyunlara stressiz, təzyiqsiz hazırlamağı bacarırıq. Sadəcə danışa bilmədiyimiz, bizim dilimizi qısa edən məqam nəticədir. Bu işi davam etdirəcəyik, daha da yaxşı oynayacağıq. Bəzi epizodlarda meydanda bir komanda var idi, o da “Neftçi” idi. Vurulmayan epizodları nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda olaraq bu cür rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirik ki, yaxşı oyunun sonunda yaxşı nəticə də olacaq”.

Samir Abasov yeni transferlərdən olan Murad Xaçayev, İqor Ribeyro və Elvin Bədəlov barədə də danışıb:

“Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə onların ətrafında nə qədər söhbətlər gedirdi. Elvin də, Murad da çox yaxşı işlər gördülər. Kimin ehtiyatda olacağını deyə bilmərik. Təki üçü də formada olsun, biz baş sındıraq ki, kimi oynadaq”.

Samir Abasov uğursuz gedişat davam etdikcə, “Neftçi” rəhbərliyinin ona vaxt verib-verməyəcəyi barədə sualı da cavablandırıb:

“Bu suala cavab vermək istəmirəm. Buna cavab verəcək adam mən deyiləm. Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz oynadığımız futbolu daha da yaxşılaşdırmaqdır. Futbolçular ancaq ona kökləniblər. Onlar da yazılanları oxuyurlar, təzyiqi görürlər. Meydançadan kənarda da işlərimiz var ki, onu aşılamağa çalışırıq. Oyunumuzdan çox razıyam. Qol epizodlarını vura bilməməyin izahı məndə yoxdur”.

Samir Abasov hakimlikdən yenə narazı qaldı

Samir Abasov Azərbaycan millisinin baş məşqçisi ilə bağlı müzakirələrə də münasibət bildirib:

“Millidə yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edən, oyuna çıxaracaq məşqçi varsa, o da yerlidir. Kim olacaqsa, ona uğurlar arzulayıram. Xeyirlisi olsun”.

Samir Abasov verilməyən penalti barədə də danışıb:

“O məsələ mənim üçün anlaşılmaz qaldı. Referi epizodu görürdü və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə blok edirdi. Rəqib futbolçudan sonra heç kim yox idi. Varqasın epizodu da var idi. Ən azından ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi”.

Valdas Dambrauskas: “Bəhanələr gətirmək istəmirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas isə matçdan sonra qolsuz bərabərliyə belə şərh verib:

“Hər iki komanda üçün nəticə önəmli idi. “Neftçi” də qalib gəlməmişdi, biz də son oyunda istəmədiyimiz nəticə ilə üzləşmişdik. Daha çox əks-hücumlar oldu. Birinci hissədə çox səhv buraxdıq. Mövsüm ərzində edə biləcəyimiz səhvləri etdik. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol şansı oldu. Oyunun nəticəsi ədalətli idi.

Mən gəlməmişdən qabaq hara gəldiyimi dərk edirdim. Burada çempionatın gərgin olduğunu bilirdim, çempionatı izləyirdim. Çünki bəzi oyunçularım var idi ki, burada çıxış edirdilər. 4 xal bizim üçün gözləmədiyimiz hal idi. Amma bu, mövsümün başlanğıcında normal ola bilər. Bəhanələr gətirmək istəmirəm. Çox inkişaf etməliyik. Bu gün önəmli oyunçularımızdan Jesse Sekidika, Zinedin Uld Xaled, İqor Noqeyra yox idi. Bu, mövsümboyu da baş verəcək, zədəlilər olacaq. Andrey Souza bu gün debüt etdi, Tellur Mütəllimov uzun müddətdən sonra oynadı. Qığılcımlar olduqca inanıram ki, gələcəkdə böyüyəcəyik, qələbələr olacaq. Bu matçda da çalışdıq. Bəzi məqamlar alınmadı. Onların üzərində işləməliyik. Sabah artıq yeni məşqimizə başlayırıq, qarşıdakı matça hazırlaşırıq”.

error: Məzmun qorunur!
Избранный
16
arena.az

1Источники