RU

Pezeşkianın valideynləri: 7 bacı qardaşın 5 cisi: “Atam da türkdür, anam da!” FOTOLAR

ain.az bildirir, Modern.az portalına istinadən.

Məsud Pezeşkian 2024-cü ilin iyulunda keçirilən prezident seçkilərində sürpriz namizəd sayılırdı. Seçkilərə buraxılan digər 5 namizəd daha çox mühafizəkar qanadı təmsil edən şəxslər olduğu halda, o, islahatçı cinaha yaxınlığı ilə diqqət çəkmişdi. Bu səbəbdən də bəzi ekspertlər Pezeşkianın gözardı edilməsilə razılaşmırdılar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da onun digər millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirirdi. Və... gözləntilər özünü doğrultdu. O, seçkilərin ikinci turunda rəqibi Səid Cəliliyə qalib gələrək İranın 9-cu prezidenti seçildi.Məsud Pezeşkian prezident seçkilərində ilk dəfə idi ki, namizəd kimi iştirak edirdi. Keçmiş səhiyyə naziri o zamana qədər təcrübəli deputat kimi də tanınmışdı.O, İrandakı sərt rejim siyasətinə - xüsusilə hicab məcburiyyətinə, etirazların zorakılıqla yatırılmasına tənqidi yanaşan şəxslərdəndir. Pezeşkian “yumşaq siyasi dialoq”un tərəfdarı kimi də tanınır. Xarici siyasətdə, nüvə proqramı məsələsində Qərblə anlaşma yolu tutmaq istəyi göstərib.Amma İran kimi teokratik sistemdə prezidentin səlahiyyətləri və imkanları məhduddur, ölkədə əsas söz sahibi Ali Rəhbər Seyid Əli Xamenei və ona bağlı olan İnqilab Keşikçiləri Korpusudur (SEPAH). Pezeşkian da bu məhdudiyyətləri nəzərə almağa məcburdur.Məsud Pezeşkian həm reformist potensiala malik, həm də mərkəzi hökumətin sərt siyasətindən fərqlənməyə çalışan lider kimi görünür. Müşahidələrə görə, onun siyasətində əsas yeri insan hüquqlarının qorunmasına çalışmaq, gənclərin və qadınların vəziyyətini yaxşılaşdırmaq, etnik azlıqlara qarşı münasibətdə daha açıq dialoq, beynəlxalq aləmlə danışıqlara getmək, sanksiyaların yüngülləşdirilməsinə cəhd, iqtisadiyatı canlandırmaq arzusu tutur.

Amma bu arzuların reallaşması çox şeydən asılıdır: rejimin əsas sütunu olan Ali Rəhbərdən, mühafizəkarların təmsil olunduğu SEPAH təşkilatından, beynəlxalq vəziyyətdən, ölkədaxili sabitlikdən və təbii ki, iqtisadi imkanlardan.

Məsud Pezeşkianın həyatı enişli-yoxuşlu olub: onun uşaqlağı çətin dövrə təqadüf edib, gəncliyində həm təhsil alıb, həm də müharibədə iştirak edib - cəbhədə olub.İran prezidentinin valideynləri barədə müxtəlif fərziyyə və fərqli məlumatlar mövcuddur.

Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Məsud Pezeşkianın ata-anasından bəhs edir.İran KİV-lərinin çoxunda onun valideynləri barədə açıq məlumatlara çox az rast gəlinir, onların ad-soyadını, nə vaxt doğulduqları və vəfat etdiklərini çoxları heç bilmir.Önümüzdəki günlərdə - sentyabrın sonunda Məsud Pezeşkianın 71 yaşı tamam olacaq. O, 1954-cü il sentyabrın 29-da İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə etnik azərbaycanlıdır.Məsud Pezeşkianın atası Məhəmməd Əli 1929-ci ildə Urmiyada doğulub. Prezidentin atasının həyatı və şəxsi xüsusiyyətləri ilə bağlı çox detallı faktlar yoxdur. Məlum olan əsas fakt budur ki, Məhəmməd Əlinin soy-kökü Azərbaycan türklərinə məxsusdur. O, əczaçılıqla məşğul olub. Məhəmməd Əlinin 1978-ci ildə vəfat etdiyi bilinir.Prezidentin anası Məhbubə Sudbaxş 1930-ci ildə Urmiyada dünyaya gəlib. Onun evdar qadın olduğu bildirilir. Bəzi mənbələr Məhbubə xanımın milliyətçə kürd oluğunu iddia edir. İranın Qərbi Azərbaycan bölgəsində etnik və mədəni müxtəlifliyin, həm kürd, həm türk toplumlarının mövcudluğu Pezeşkianın valideynlərinin mənşəyi haqqında fərqli təsəvvürlərə səbəb olub. Lakin Məsud Pezeşkian bir neçə müsahibəsində “Atam da türkdür, anam da və mən türk olduğum üçün fəxr edirəm!” deyib. Onun bu açıqlamasının videogörüntüləri internet resurslarında da yayılıb.Məsud Pezeşkianın özünü rəsmi saytındakı məlumata görə, onun ata-anası qohum olublar. Əczaçılıq edən Məhəmməd Əli evləndikdən sonra onun işi Mahabad şəhərindəki xəstəxananın aptekinə köçürülüb və buna görə də ailəsini də özü ilə ora aparıb.Məhəmməd Əli və Məhbubə Sudbaxş cütlüyünün ilk övladı Qüdrət doğulandan altı ay sonra ölüb. Ondan sonra ailədə daha 6 uşaq dünyaya gəlib: Mahmud, Sürəyya, Huriyə, Məsud, Yusif və Ziba.Prezidentin anası Məhbubə xanım 1988-ci ildə vəfat edib.

Məsud Pezeşkian 1961-1969-cu illəri Mahabadda ibtidai məktəb və üç il orta məktəb oxumaqla keçirib, ardınca daha üç il təhsil almaq üçün Urmiyaya köçüb. 1969-1973-cü illərdə Urmiya Kənd Təsərrüfatı Texnikumunda oxuyan Məsud qida sənayesi üzrə diplom alıb.

Məsud Pezekian ilk diplomunu aldıqdan sonra orduya qatılaraq Zabolda hərbi xidmət keçib (1973-1975). Məhz həmin vaxt o, tibb sahəsilə maraqlanıb. Hərbi xidməti başa vurandan sonra - 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib.Onun tələbəlik illəri İmam Xomeyninin başçılıq etdiyi inqilabi fəaliyyətlə müşayiət olunub. 1978-ci ildə Təbrizdə şah rejimi əleyhinə keçirilən yürüşün təşkilində fəal rol oynayıb.Məsudun kiçik qardaşı Yusif onu inqilabi fəaliyyətlərdə müşayiət edib. Yusif 1979-cu il yürüşlərindən birində güllələnərək şəhid olub.

Bu xəbər ilə bağlı

Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTOLAR

Xəbəri oxu

İran-İraq müharibəsi zamanı (1980-1988) Pezeşkian tez-tez ön cəbhəyə gedib, həkim briqadalarının müharibəyə göndərilməsinə cavabdeh olub və özü də həkim kimi fəaliyyət göstərib.Məsud Pezeşkian 1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisasa yiyələnib.Sonra Təbrizin Ürək Xəstəxanasında işə başlayıb, ardınca həmin xəstəxananın rəisi olub. M.Pezeşkian Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində də çalışıb. O, İranda açıq ürək əməliyyatları edən tanınmış doktor kimi də ad-san qazanıb.Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərə (parlament) üzv seçilib. Pezeşkian təcrübəli millət vəkili kimi İran parlamentində təbrizliləri təmsil edib.

O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.

Məsud Pezeşkian Azərbaycan, fars və kürd dillərində yaxşı danışa bilir. O, müsahibələrində bildirib ki, ailə daxilində həmişə Azərbaycan türkcəsində danışıblar - “Əvvəldən uşaqlarımın evdə farsca danışmasına icazə vermirdim, biz azərbaycanca danışırdıq”,- deyib.

Məsud Pezeşkianın rəsmi saytındakı məlumata görə, o, tibb kursunda tələbə yoldaşlarından biri olan Fatimə Məcidi ilə ailə həyatı qurub. Bu, İran-İraq müharibəsinin başlanması dövrünə - 1980-ci illərin əvvəlinə təsadüf edib. Fatimə Məcidi ixtisasca ginekoloq olub. M.Pezeşkian evləndikdən sonra həkim kimi cəbhə bölgələrinə gedib.M.Pezeşkian 1994-cü ildə yol qəzasında həyat yoldaşını və kiçik oğlunu itirib. O, qalan iki oğlu və bir qızını tək böyüdüb və bir daha evlənməyib.Prezidentin soyadına gəlincə, “Pezeşkian” sözünün farscadan azərbaycancaya tərcüməsi “Həkimoğlu” deməkdir. Yuxarıda qeyd etdiyimiz kimi, onun atası Məhəmməd Əli səhiyyə işçisi - əczaçı-həkim olduğuna görə, Məsud “Pezeşkian” sözünü özünə soyad götürüb.

Prezident Təbrizin məşhur futbol komandası "Traktor"un azarkeşidir.Doktor Məsud Peşkeskianın vərdiş və maraqlarından biri də alpinizmdir. O, hətta 14-cü prezident seçkilərində səs verəndən sonra dağa çıxıb.

Prezident seçkiləri boyunca onu qızı Zəhra müşayiət edib. Zəhra Pezeşkian hazırda da rəsmi xarici səfərlərdə atasının yanında olur.Məsud Pezeşkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində işləyib.

İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian Şərif Texnologiya Universitetinin bakalavr, magistr və doktorantura pillələrində təhsil alıb. O, hazırda İran Prezident Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində çalışır. 

Prezidentin digər oğlu Mehdi Pezeşkianın özəl qurumda işlədiyinə dair məlumatlar var.Məsud Pezeşkian prezident seçkiləri zamanı videomüraciətində deyib: "Əgər seçkiqabağı vədlərimi yerinə yetirə bilməsəm, siyasətlə vidalaşacağam. Həyatımı boşa keçirməyin və sevimli xalqımıza xidmət edə bilməməyin mənası yoxdur".Onun prezidentliyinin 1 ili bir müddət öncə tamam olub. Doktorun vədlərini yerinə yetirib-yetirə bilməyəcəyini qarşıdakı zaman göstərəcək.Əfqan Qafarlı

 

***

Həmçinin oxu:Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik”

Trampın valideynləri - ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm"

Putinin valideynləri - “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi”

Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim” Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
6
modern.az

7Источники