RU

Bakının işğaldan azad edilməsinin əhəmiyyəti tarixi, siyasi, hərbi və mədəni baxımdan olduqca böyükdür



1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabından sonra imperiyanın zəifləməsi Cənubi Qafqazda siyasi və hərbi qarışıqlığa səbəb oldu. Azərbaycan əraziləri, o cümlədən Bakı, müxtəlif silahlı qrupların, əsasən bolşeviklərin və erməni daşnaklarının nəzarətinə keçdi. Bu qüvvələr 1918-ci ilin martında azərbaycanlı əhaliyə qarşı qanlı qırğınlar törətdilər. Mart qırğınlarında minlərlə günahsız insan şəhid oldu, evlər yandırıldı, şəhərlər və kəndlər dağıdıldı.

1918-ci il may ayında elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) faktiki olaraq Gəncədə fəaliyyət göstərirdi. Bakı isə hələ də düşmən qüvvələrin nəzarəti altında idi. Yeni qurulan Azərbaycan hökuməti Bakı şəhərini azad etmək üçün Osmanlı dövlətindən hərbi yardım istədi. Bu müraciət əsasında Qafqaz İslam Ordusu yaradıldı və Nuru Paşa bu ordunun baş komandanı təyin olundu.

Qafqaz İslam Ordusu, azərbaycanlı könüllülərlə birlikdə, böyük çətinliklərə baxmayaraq, Bakı istiqamətində uğurlu döyüş əməliyyatları apardı. Ordunun qarşısında bolşeviklər, daşnaklar və ingilis hərbi birləşmələri dayanırdı. 1918-ci ilin sentyabrında aparılan şiddətli döyüşlərdən sonra, nəhayət, 15 sentyabr 1918-ci il tarixində Bakı azad edildi. Şəhərə Azərbaycan və Osmanlı bayraqları sancıldı. Azərbaycan hökuməti Bakıya köçdü və şəhər rəsmi olaraq paytaxt elan olundu.

Bakının işğaldan azad edilməsinin əhəmiyyəti tarixi, siyasi, hərbi və mədəni baxımdan olduqca böyükdür. Bu günün tarixi əhəmiyyəti ondan ibarətdir ki, Bakı 1918-ci ilin mayında elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi rəsmi status qazanmışdı, lakin şəhər həmin vaxtda hələ də daşnak-bolşevik qüvvələrinin nəzarətində idi. Şəhərin azad olunması, Cümhuriyyətin real fəaliyyətə başlaması və paytaxt funksiyalarının yerinə yetirilməsi üçün zəruri idi.

Bu hadisə həm də ilk beynəlxalq hərbi əməkdaşlıq nümunəsi idi. Azərbaycanla Osmanlı arasında hərbi əməkdaşlığın nəticəsi olan Qafqaz İslam Ordusunun fəaliyyəti türk-islam həmrəyliyinin və qardaşlığının parlaq nümunəsi oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi: Bakı azad olunandan sonra hökumət Gəncədən Bakıya köçdü və burada fəaliyyətini davam etdirdi. Bu, dövlətin beynəlxalq səviyyədə tanınmasına da yardımçı oldu ki, həmin tarixi hadisənin siyasi əhəmiyyətini göstərir.

Arzuman Muradlı, “Milli İnkişaf” ictimai birliyinin sədri
Избранный
54
1
newscenter.az

2Источники