İstanbul, 15 sentyabr, Günel Karatepe, AZƏRTAC
“TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının buhəftəki buraxılışı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 107-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, proqramda şəhidlərin xatirəsi ehtiramla yad olunub və tarixi hadisələr dinləyicilərə ətraflı şəkildə çatdırılıb.
Verilişdə Bakının tarixi keçmişinə toxunularaq, şəhərin bugünkü memarlıq üslubu və göz oxşayan simasından bəhs edilib. Bundan əlavə proqramda Azərbaycan ədəbiyyatından seçilmiş şeirlər və məşhur sənətçilərimizin ifasında müxtəlif musiqilər dinləyicilərə təqdim olunub.
Qeyd edək ki, 2024-cü ildən yayımlanan verilişdə Azərbaycan mədəniyyəti və ölkəmizin görkəmli şəxsləri geniş şəkildə tanıdılır.
“Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərdir.