RU

ADPU-da elmi-tədqiqatda süni intellektdən istifadə və akademik mikrokreditləşmə qaydaları qəbul olunub

 

Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2025/2026-cı tədris ili üçün ilk iclası keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki,iclası açılış nitqi ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində universitetdə həyata keçirilmiş əsas tədbirlər, tədris və elmi fəaliyyət sahəsində edilən yeniliklər, beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar barədə ətraflı danışıb. Rektor, həmçinin universitetin professor-müəllim heyəti və tələbələrinin qazandığı uğurlara xüsusi diqqət çəkərək, onların respublika və beynəlxalq səviyyədə əldə etdikləri nailiyyətləri qeyd edib. Cəfər Cəfərov vurğulayıb ki, bu nəticələr ADPU-nun elm və təhsil sahəsində nüfuzunun daha da artmasına xidmət edir və gələcək inkişaf üçün mühüm stimul yaradır.

Daha sonra rektor i.ü.f.d Natəvan Həsənovaya fəlsəfə doktoru diplomunu təqdim edib.

Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov ADPU-da yay semestrinin yekunları, keçən tədris ili üzrə məzunların məşğulluğu, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun nəticələri, yeni tədris ilinə hazırlıq və qarşıdakı hədəflər barədə hesabatla çıxış edib. Qeyd edilib ki, 2024/2025-ci tədris ilinin yay semestrində ümumilikdə 237 tələbə iştirak edib ki,  bu göstərici ötən il 295 nəfər olub. Semestrin sonunda 50 fənn üzrə təşkil olunan imtahanlarda ümumilikdə 225 tələbə iştirak edib və  nəticədə 205 tələbə müvəffəq qiymət alıb. Prorektor qeyd edib ki, ötən tədris ilinin sonunda universitetdən ümumilikdə 2194 bakalavr məzun olub. Onlardan 567 nəfəri Azərbaycanda magistraturaya qəbul olunub, 61 nəfəri isə müxtəlif pillələr üzrə xaricdə təhsil üçün müraciət edib. Məzunların 29 %-ə qədəri ölkə daxilində və ya xaricdə təhsillərini davam etdirirlər.  118 məzun hərbi xidmətə yollanıb, 1002 nəfər əmək bazarına daxil olub. Məzunlardan 987 nəfəri MİQ imtahanlarına qatılıb, onlardan 786 nəfər keçid balını toplayıb və 618 nəfər işə qəbul olunub. 81 məzun dövlət orqan və müəssisələrində, 303 nəfər isə özəl sektor və təhsil müəssisələrində çalışır.

2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən ADPU-nun plan yerləri tam dolub. Qəbul olunanların 57 %-i (1507 nəfər) dövlət sifarişi, 43%-i (1145 nəfər) isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 15.5 %-i (178 nəfər) güzəşt kateqoriyası üzrə qəbul edilib. Bu isə qəbul olunan tələbələrin  ümumilikdə 64 %-ə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir. Ödənişli əsaslarla qəbul olunan tələblərin 16.8 %-i (192 nəfər) isə təhsil tələbə kreditindən faydalanıb. Magistratura səviyyəsi üzrə ayrılan 608 plan yerindən 594-ü dolub. ADPU və onun filiallarında 13 ixtisasda dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında dövlət sifarişi üzrə keçid balı isə ADPU və bütün filiallarda 500 balın üzərindədir və 522,7 balla 559,4 bal arasında dəyişir. 2025/2026-cı tədris ilində ADPU-da təhsil almaq üçün portal.edu.az üzərindən 74 əcnəbi vətəndaş müraciət edib. Onlar Türkiyə, Pakistan, Gürcüstan, Rusiya, İran və digər ölkələrin vətəndaşlarıdırlar.

Dos. E.Aslanov Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi, həmçinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin illik faəliyyət hesabatını, eyni zamanda, tələbə qəbulu dövründə vətəndaş müraciətlərinin cavablandırılması istiqamətində aparılan işlərlə bağlı məlumatı Şura üzvlərinə təqdim edib. Qeyd edilib ki, qəbul dövründə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi abituriyentlər, ictimaiyyət və media nümayəndələrindən daxil olan müraciətlərə çevik cavab verilməsi istiqamətində planlı iş aparıb. 30 iyun - 11 sentyabr tarixləri aralığında universitetin sosial media hesablarında yayımlanan foto-video materiallar ümumilikdə 8 milyon 125 min dəfə izlənilib. Bu da bir günə 112.847 baxış deməkdir. Şöbəyə daxil olmuş ümumilikdə 12.453 müraciət və ya bir günə 173 müraciət operativ qaydada cavablandırılıb ki, bu ötən illə müqayisədə 132.5 %-dən çox artım deməkdir. Qəbul və onlayn qeydiyyatla bağlı universitetdə yerində dəstək və məsləhət xidmətinin təşkil edilməməsinə baxmayaraq, müraciət etmiş 50-dən çox vətəndaşa şöbə tərəfindən yerində xidmət göstərilib.

Prorektor “ADPU-da elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar”, “ADPU-da akademik mikrokreditləşmənin tətbiqinə dair yeni Qaydalar” və “ADPU-da professor-müəllim heyətinin tədris yükünün azaldılması Qaydası”nın təsdiq edilməsi ilə bağlı təkliflə çıxış edib.

Şura öz işini cari məsələlərin müzakirəsi ilə davam etdirib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosnet Sənan Əliyev, Keyfiyyətin təmainatı şöbəsinin müdiri Qalib Şərifov və elmi katib Nərminə Abdullayeva cari məsələlərlə bağlı məruzə edib, təkliflər səsləndiriblər.

Sonda müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

#adpu #eduaz #PedaqojiUniversitet #KonulHasanova #filologiyafakültəsi #elmişura

Избранный
1
1
tehsil.biz

2Источники