
İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər edəcək. Bununla belə, onu və komandasını daşıyan dövlət təyyarəsi “Sion Qanadları” Avropa üzərindən uçmaq əvəzinə ABŞ-a daha uzun bir marşrutla gedəcək.
Reyting.az xəbər verir ki, belə qərara səbəb Avropa ölkələrinin, xüsusilə də İspaniya və Hollandiyanın hava məkanını bağlamaq ehtimalıdır.
Təyyarə daha uzun marşrut tutmalı olduğundan yanacaq sərfiyyatının artacağı gözlənilir. İsrail təyyarə texnikləri kompensasiya üçün daşınacaq sərnişinlərin və avadanlıqların sayını azaldıblar. Netanyahu bütün komandasını səfərə apara bilməyəcək.
Baş nazirlik dəftərxanası keçən həftə jurnalistlərin və Netanyahunun nümayəndə heyətinin bəzi üzvlərinin oturacaq yerləri və təhlükəsizliklə bağlı texniki düzəlişləri əsas gətirərək Nyu-Yorka gedə bilməyəcəklərini açıqlayıb. Lakin sonradan rəsmilər etiraf ediblər ki, bu qərarın əsas səbəbi dəyişdirilmiş uçuş marşrutu olub.
Netanyahunun başqa beynəlxalq səfərləri də planlaşdırılır, lakin o, ABŞ-da isti qarşılanmaya bilər.
Qeyd edək ki, Netanyahunun gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılacağı gözlənilir.
V. QULİYEV