RU

Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Otağa girəndə küvəzdən alov qalxdığını gördüm

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. 

Mərkəzdə xadimə işləmiş Yeganə Əhmədova bildirib ki, hadisə baş verən vaxtı növbədə olub: 

"Əməkdaşlardan biri qışqıraraq küvəzlər olan otaqda yanğının baş verdiyini dedi. Otağa gəldik. Küvəzdən alov qalxırdı. Biz də yanğını söndürməyə çalışırdıq".

Mərkəzdə elektrik vəzifəsində işləmiş Asif Dadaşov deyib ki, onun işi elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsindən ibarət olub: 

"Şöbələrdə nəyisə dəyişmək lazım olanda mənə deyirdilər, mən də gedib həll edirdim. Dördüncü mərtəbədəki avadanlıqları dəyişmək lazım olduqda Məryəm xanım, beşinci mərtəbədə nəyisə dəyişəndə isə Hamlet doktor göstəriş verirdi".

Şahid deyib ki, mərkəzdə əvvəllərdə qısaqapanmalar olub:

"Adi lampa partlayanda belə qısaqapanma olurdu, avtomat atırdı. Həmçinin uzadıcılar da qızanda qısaqapanma baş verə bilər. Sözügrdən hadisə zamanı da qısaqapanma olub".

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini xahiş edib. 

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində "polis nəzarəri altına vermə" qətimkan tədbiri olsa da, o, iki dəfə ölkə xaricində olub. O, bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib. 

Onun vəkili vurğulayıb ki, müvəkkilinin xarici ölkəyə çıxışına məhdudiyyət qoyulmayıb. 

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib. 

O, ölkəni tərk etmək üçün aidiyyəti qurumlara məlumat verməli olduğunu bilmədiyini deyib 

Məhkəmənin növbəti iclası sentyabrın 29-da keçiriləcək. 

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Избранный
45
35
olke.az

10Источники