Ağdam, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 15-i Ağdam rayon Rzalar kənd tam orta məktəbinin şagirdləri üçün ikiqat bayrama çevrilib. Məktəb üçün inşa edilən 184 şagird yerlik yeni bina müəllim və şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə şəhidlərin xatirə lövhəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və rayon Təhsil sektorunun müdiri Tahir Abbasov müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, qazanılan uğurlardan, məktəb infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Müəllimlər təhsilə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilər Vətənə, təhsilə həsr olunmuş şeirlər söyləyib, mahnı ifa ediblər.
Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. İkimərtəbəli yeni məktəb binası 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, texnologiya, informatika kabinələri, idman və akt zalları, kitabxana, tibb, yeməkxana və inzibati otaqlardan ibarətdir. Məktəbin həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, futbol və voleybol meydançaları yaradılıb. Bu il məktəbdə 126 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29 nəfər müəllim məşğul olacaq.