ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton hakimiyyətinin federal strukturlarla miqrasiya məsələlərində əməkdaşlıqdan imtina etməsi halında paytaxtda fövqəladə vəziyyət elan etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə o, “Truth Social” şəbəkəsində yazıb.
“Kolumbiya Dairəsi ABŞ-da, hətta bütün dünyada ən təhlükəli və qətllərlə dolu yerlərdən biri ikən cəmi bir neçə həftəyə ən təhlükəsiz yerlərdən birinə çevrildi. Şəhər çiçəklənir, restoranlar, mağazalar və müəssisələr dolub-daşır və onilliklər ərzində ilk dəfə demək olar ki, cinayət yoxdur. Amma indi radikal solçu demokratların təzyiqi altında Vaşinqton meri Müriel Bouzer bildirib ki, paytaxt polis idarəsi artıq ABŞ Miqrasiya və Gömrük İdarəsinin agentləri ilə təhlükəli qeyri-qanuni miqrantların deportasiya və yerləşdirilməsi məsələlərində əməkdaşlıq etməyəcək”, - Tramp qeyd edib.
Ağ Evin rəhbəri xəbərdarlıq edib ki, əgər bu baş verərsə, o, “fövqəladə vəziyyət elan edəcək və lazım gələrsə, federallaşdırmaya əl atacaq”.
Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, ABŞ tarixində ən genişmiqyaslı qanunsuz miqrantların deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu vurğulayıb.
Musavat.com