Xocavənd rayonunun Sos kəndinə media-tur təşkil olunub.
APA-nın xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə bildirib ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.
Qeyd olunub ki, Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.
İndiyədək 10 ailə (46 nəfər) sözügedən kəndə qayıdıb.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.




