RU

Rus diplomat: Cənubi Qafqazda bölücü xətlər yaradılmamalıdır

Cənubi Qafqaz ölkələri öz bölgələri ilə bağlı qərarları ilk növbədə özləri qəbul etməlidirlər və bu proses onların bilavasitə qonşuları – Rusiya, Türkiyə və İran tərəfindən dəstəklənməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı keçmiş səfiri Aleksey Yerxov Hürriyet qəzetinə verdiyi müsahibəsində danışıb.

Onun iddiasına görə, regiondankənar oyunçuların qoşulması yeni bölücü xətlərin yaranmasına səbəb olmamalıdır. Bu, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması kimi əsas məsələyə də aiddir.

Yerxov qeyd edib ki, hazırda Cənubi Qafqazda kifayət qədər mürəkkəb və ziddiyyətli proseslər gedir və bu proseslərdə həm Rusiya, həm də Türkiyə mühüm və dinamik rol oynamaqda davam edirlər. “Moskva və Ankara bu regionda sabitlik və rifah zonasının formalaşmasında eyni dərəcədə maraqlıdır, burada təhlükəsizliyin təmininə və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlmiş bütün səyləri dəstəkləyirlər. Bunun əsası, təbii ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi əsasında aparılacaq normallaşma olmalıdır. Bu saziş hələ imzalanmayıb, yalnız paraflanıb”, – deyə səfir əlavə edib.

Bununla belə, o, müzakirə edilən ssenarilər və layihələrlə bağlı çoxlu qeyri-müəyyənliklərin qaldığını diqqətə çatdırıb. “Kim, nəyi, necə və nə vaxt edəcək – bu məsələdə hələ də çoxlu suallar mövcuddur. Həmçinin, Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanında üzvlüyünün bütün bunlara necə təsir edə biləcəyini anlamaq vacibdir. Bu, xüsusilə də tranzit yükdaşımalara aid məsələlərdə aktuallaşır”, – deyə Yerxov vurğulayıb.

Musavat.com

 

Избранный
16
musavat.com

1Источники