1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin vəkilləri vəsatət qaldıraraq iclasın qapalı keçirilməsini istəyiblər.
Onlar bunu məsələnin mediada işıqlandırılmasından zərərçəkənin ailəsinin narahat olması ilə əsaslandırıblar.
Azər Maqsudov da vəsatətin təmin olunmasını xahiş edib. O bildirib ki, proseslərdə iştirak etməyən media nümayəndələrinin yanlış informasiya yayması narahatlıqla nəticələnir.
Dövlət ittihamçısı vəsatətin təmin olunmasını xahiş edib.
Vəsatət təmin olunub və bundan sonrakı proseslərin tamamilə qapalı keçirilməsi qərara alınıb.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksəksürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu Rayon Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
Elgün Həsənli