RU

Azərbaycanda şagirdlər yoxa çıxır : haradadırlar? Sabiqlər açıqladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabiq təhsil naziri Misir Mərdanovun Globalinfo.az-a verdiyi müsahibə zamanı dediyi fikirlər müzakirələrə yol açıb. Belə ki, o, repetitorluğun Azərbaycan xalqının ən ciddi problemi olduğunu, məktəb və müəllimi hörmətdən saldığını bildirib.

Sitat: “Az qala dövlət təhsil sisteminə paralel olan bir sistem yaranıb. Yaponiya kimi ölkədə 1-4-cü sinfdə imtahan verilmir, bizdə isə bağçaya gedən uşaqdan da imtahan götürülür. Valideynlər övladlarını məcbur hazırlığa göndərirlər.  Təəssüf ki, bu gün bacarıqyönümlü təhsildən imtahanyönümlü təhsilə keçid etmişik. Nə qədər imtahan vermək olar? Bağçaya gedən uşaqdan da, birinci sinfə gedən uşaqdan da imtahan götürürlər”.

Repetitorluq fəaliyyəti təhsil sisteminə necə təsir edir?

Globalinfo.az-a danışan sabiq deputat, təhsil eksperti Etibar Əliyev Misir Mərdanovun fikirləri ilə razılaşdığını deyib:

“Artıq ibtidai siniflərdən başlayaraq valideynlər övladları üçün repetitor axtarırlar. Yuxarı siniflərdə isə vəziyyət daha ağırdır. Şagirdlərin dərsə davamiyyəti zəifdir. Əsas səbəb repetitor xidmətlərinin geniş vüsət almasıdır. Əslində bu xidmət ilbəil genişlənir, lakin onu məhdudlaşdırmaq və ya nizamlamaq istiqamətində ciddi tədbirlər görülmür. Elm və Təhsil Nazirliyi isə çox nadir hallarda dərsə davamiyyət məsələsinə toxunur. Halbuki bu, ciddi bir problemdir. Şagirdlərin məktəbdə olmaması təkcə dərs buraxmaq anlamına gəlmir, bu, təhsilin əsas funksiyalarının iflic olması deməkdir”.

Etibar Əliyev

Ekspert bildirib ki, təhsilin məqsədi yalnız bilik vermək deyil, məktəb vətəndaş yetişdirən mühüm bir sosial institutdur:

“Məktəb oxumağı, yazmağı, düşünməyi, tənqidi təhlil etməyi bacaran savadlı insan formalaşdırmalıdır. Əgər uşaq məktəbdə deyilsə, təhsilin iki əsas komponenti: tərbiyə və fiziki inkişaf tamamilə sıradan çıxır. Repetitor yanına və hazırlıq kurslarına gedən uşaqlar, eyni zamanda sosiallaşma imkanından da məhrum olurlar. Bir çox ölkələrdə repetitorluq problemi ilə rastlaşmaq olur. Lakin Azərbaycanda vəziyyət fərqlidir. Yəni bizdə repetitorluq demək olar ki, yalnız ali məktəbə qəbul imtahanlarına hazırlıq məqsədi daşıyır. Halbuki Sinqapur, Yaponiya və Çin kimi yerlərdə bu, daha çox fənlərin dərindən mənimsənilməsi, uşağın fərdi potensialının inkişafı və elmi maraqlarının gücləndirilməsi məqsədilə həyata keçirilir”.

E.Əliyevin sözlərinə görə, valideynlər düşünür ki, məktəb proqramında yer almayan mövzuları öyrətmək üçün əlavə müəllim dəstəyi vacibdir:

“Bu səbəbdən riyaziyyat, fizika və digər fənlər üzrə fərdi hazırlıqlara üstünlük verirlər. Əksər ölkələrdə bu proses “kölgə təhsili” adlandırılır. Lakin bu da bizim təcrübədən fərqlidir. Çünki Azərbaycanda “kölgə təhsili” yalnız qəbul imtahanlarına fokuslanır və məktəbi faktiki olaraq zəiflədir. Düşünürəm ki, bu proses hələ uzun illər davam edəcək və məktəbin nüfuzuna, funksionallığına mənfi təsir göstərməyə davam edəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники