RU

Rusiyada yanacaq böhranı:Ukrayna Rusiyanı ürəyindən VURUR

Rusiyanın cənub bölgələrində ciddi benzin çatışmazlığı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu vəziyyət ən yaxşı halda bir neçə ay, ən pis halda isə altı aya qədər davam edə bilər. Yanacaq böhranı artıq işğal olunmuş Krım və Luqansk əraziləri ilə yanaşı, bütün sərhəd zonalarına təsir göstərməyə başlayıb. Əgər vəziyyət daha da gərginləşərsə, benzin çatışmazlığı ölkənin digər bölgələrinə də yayıla bilər.

Yanacaq qıtlığının əsas səbəbləri arasında Rusiya neft emalı zavodlarına qarşı mütəmadi olaraq həyata keçirilən dron hücumları, həmçinin cəbhəyə yaxın rayonlara yanacaq tədarükünün yüksək xərcləri və riskləri göstərilir. Neft şirkətləri bu bölgələrə tədarükü sərfəli hesab etmədiklərindən gəlirlilik aşağı düşüb.

Rusiya hökuməti, xüsusilə də Energetika Nazirliyi, benzin üçün kupon sisteminin tətbiqindən yayınmağa çalışır. Bildirilir ki, Luqansk və Krımda bu cür tədbirlər əhalidə narazılıq doğurub və Moskva oxşar narazılıq dalğasının digər sərhəd bölgələrində də baş verəcəyindən ehtiyatlanır.

Ordunun tələbatını ödəmək məqsədilə cəbhəyanı ehtiyatların qorunması üçün benzin və dizelin daha çox ehtiyata malik olan bölgələrdən – Xantı-Mansiysk, Yamalo-Nenets Muxtar Dairəsi və Tümen vilayətindən – cənuba daşınması qərara alınıb. Lakin bu bölgələrin də əhəmiyyətli resursları artıq müdafiə sənayesi müəssisələrinin təchizatına yönəldildiyindən, mövcud ehtiyatlar sürətlə tükənir.

Hökumət rəsmilərindən biri mətbuata açıqlamasında bildirib:

“Bəli, bu köçürmələr digər bölgələrə də təsir edəcək – ehtiyatlar azaldıqca qiymətlər qalxacaq, bu isə əhali arasında narazılığa səbəb olacaq. Amma bu, cənubdakı kupon sistemindən və boş yanacaqdoldurma məntəqələrindən yaxşıdır.”

Ekspertlər bildirirlər ki, yaxın aylarda Rusiyada benzinə olan tələbatı ödəmək daha da çətinləşəcək və bu, həm sosial gərginliyin artmasına, həm də iqtisadi təzyiqlərin güclənməsinə səbəb ola bilər.

Избранный
41
veteninfo.az

1Источники