RU

Bilik Günündə məktəb həyətində ilk addımlar…

Bakı, 15 sentyabr, T.Verdiyeva, AZƏRTAC

Sentyabr səhəri… Sanki şəhərin nəfəsi belə bu gün bir az fərqli olur. Hər tərəfdə həyəcan, sevinc, yeni başlanğıcların doğma səsi duyulur. Məktəbin həyəti uşaqların gülüşü ilə dolub. Balaca əllərdə gül dəstələri, baxışlarda saysız suallar, qəlblərdə isə həyəcanlı gözləntilər var.

15 sentyabr – Bilik Günü… Bu gün yalnız təqvimdəki bir tarix deyil, həyatımızın ən unudulmaz səhifələrinin başlanğıcıdır.

Mən də bu səhərin həyəcanını hər kəsdən daha dərin hiss edirdim. Çünki qızım ilk dəfə məktəbə gedirdi. Çiynində hələ “yad” görünən məktəb çantası, əlində müəllimi üçün seçdiyi çiçəklər vardı. Kiçik addımlarla məktəb həyətinə girərkən gözlərindəki parıltı sanki bütün dünyanı işıqlandırırdı.

Bir anlıq dayanıb düşündüm: bu divarlar, bu dəhlizlər neçə-neçə nəsillərin şahidi olub. Burada ilk zənglər çalınıb, ilk “Ana dili” dərsləri başlanıb, ilk uğurların təməli qoyulub. İndi isə həmin ənənənin davamçısı mənim övladım idi. Onun yanında dayanarkən qəlbimdə həm sevinc, həm də qürur vardı. Bütün valideynlərin övladlarına olan duyğusu kimi…

Bu yol asan olmayacaq. Amma hər çətinlik, hər sual, hər tapşırıq onları daha da möhkəmləndirəcək. Onların ən böyük dayağı müəllimləri, ən sarsılmaz dəstəyi isə biz valideynləri olacağıq.

Bu gün məktəb həyətinə toplaşan balaca şagirdlər sabahın alimləri, həkimləri, müəllimləri, mühəndisləri olacaqlar. Onlar bu partalarda böyüyəcək, bu kitablarla formalaşacaqlar. Çünki bilik insana nur verir, azadlıq qazandırır. İnsanı yüksəldən də, cəmiyyəti irəli aparan da elə bilikdir.

Bu günün həyəcanı, müəllimin mehriban baxışları, əlifbanın sehrli hərfləri bütün uşaqların yaddaşında həmişə yaşayacaq.

Bilik Günü – yalnız bir başlanğıc deyil, həyatın özüdür. Bu gün bütün övladların həyatında açılan ən sehrli səhifədir və o səhifənin sevgi, zəhmət və biliklə yazılacağına inam böyükdür.

 

 

Избранный
28
1
azertag.az

2Источники