RU

Azərbaycan heç vaxt regional əməkdaşlıqdan imtina etməyib -

Son illərdə Cənubi Qafqazda regional əməkdaşlıq məsələləri beynəlxalq gündəmin ön sıralarındadır. Bu əməkdaşlıq formatlarından biri kimi “3+3” təşəbbüsü xüsusi diqqət çəkir. Ötən həftə Rusiya XİN sözçüsünün son mətbuat konfranslarının birində səsləndirdiyi şərhə görə, Rusiya “3+3” formatında Cənubi Qafqaz və digər regional məsələlərlə bağlı əməli addımların atılmasını gözləyir. Millət vəkili Tural Gəncəliyev Metbuat.az-a açıqlamsında bildirib ki, bu format üzrə regional əməkdaşlıq təşəbbüsünü ilk dəfə Azərbaycan irəli sürmüşdür. Məqsəd Cənubi Qafqazın təbii bir regional əməkdaşlıq platformasına çevrilməsi və ölkələrin birgə hərəkət etməsi idi:
“Azərbaycan hər zaman Cənubi Qafqazın regional əməkdaşlıq üçün çox effektiv bir məkan olmasının tərəfdarı olub. Yəni “3+3” formatında əməkdaşlığın reallaşdırılmasına həmişə Azərbaycan dəstək verib. Halbuki vaxtilə Ermənistan və regionun bəzi digər ölkələri bu formatda görüşlərin keçirilməsindən imtina etmişdilər. Bununla belə, Azərbaycan hər zaman qonşuluq münasibətlərinin normallaşmasını və Cənubi Qafqazda səmərəli qonşuluq siyasətinin formalaşmasını dəstəkləmişdir.Məhz bu konseptdən çıxış edərək Azərbaycan 2020-ci ildə 44 günlük müharibə bitən kimi Ermənistan tərəfinə sülh müqaviləsinin layihəsini təqdim edib”. Tural Gəncəliyev xatırladıb ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin tam funksional fəaliyyətini təmin etməklə yanaşı, regional əməkdaşlığa da mühüm töhfə verəcəyini daim vurğulayıb. Bu səbəbdən də müharibənin başa çatmasından sonra Azərbaycan ardıcıl şəkildə Zəngəzur dəhlizinin açılması və regional əməkdaşlığın gücləndirilməsi ideyasını gündəmdə saxlayıb: “Rusiya XİN sözçüsünün “biz Cənubi Qafqazda ‘3+3’ formatında real addımlar gözləyirik” fikri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan bu məsələdə hər zaman konstruktiv və rasional mövqeyini nümayiş etdirib. Burada vacib məqam ondan ibarətdir ki, regionun digər ölkələri, o cümlədən Ermənistan və Rusiya da normal qonşuluq siyasətinə riayət etməlidir. Azərbaycan son 30 il ərzində Ermənistanın işğalına məruz qalmasına baxmayaraq, heç vaxt regional əməkdaşlıq platformasından imtina etməyib. Əksinə, həmişə konstruktiv siyasət yürüdüb. Halbuki başqa bir ölkə bu vəziyyətdə işğal faktını əsas gətirərək əməkdaşlıqdan danışmazdı. Azərbaycanın siyasətinin böyüklüyü və müdrikliyi məhz ondadır ki, biz regional əməkdaşlığı qlobal əməkdaşlıq səviyyəsinə qədər yüksəltmişik”. Tural Gəncəliyev qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan sürətlə tranzit ölkəsinə çevrilmişdir. Onun sözlərinə görə, bu gün fəxrlə vurğulaya bilərik ki, Şimal–Cənub, Şərq–Qərb və Orta dəhliz marşrutlarının hamısı məhz Azərbaycanın üzərindən keçir. Millət vəkilinin fikrincə, bunun üçün ölkəmiz böyük həcmdə əməli addımlar atmış, nəqliyyat və kommunikasiya infrastrukturunu yüksək səviyyədə inkişaf edib. “Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmiryolu, eləcə də Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərini birləşdirən Cənub Qaz dəhlizi Azərbaycanın təşəbbüsü və ideyası ilə reallaşıb. Bu layihələr Azərbaycanın regional və qlobal əməkdaşlığa verdiyi önəmin bariz nümunələridir. Azərbaycan həmçinin Avropa İttifaqının 10 ölkəsi ilə strateji əməkdaşlıq sazişləri imzalayıb, Şanxay Əməkdaşlıq Təşkilatında mühüm tərəfdaş statusu əldə edib. BRİKS təşkilatı ilə əməkdaşlıq imkanları genişlənir. Azərbaycan həm də Qoşulmama Hərəkatına uğurla sədrlik edib və BMT də daxil olmaqla müxtəlif beynəlxalq platformalarda güclü mövqeyə sahib olub. Bütün bunlar göstərir ki, regionda ən çox əməli addım atan və əməkdaşlığa ən açıq mövqe nümayiş etdirən ölkə Azərbaycandır. Regionda heç bir ölkə Azərbaycanın nailiyyətləri ilə müqayisə oluna bilməz”, - deyə millət vəkili bildirib. Gülbəniz Hüseynli / Metbuat.az
Избранный
31
metbuat.az

1Источники