RU

Culfada şəhid Hüseynli Rəşadın xatirəsi anılıb

2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan baş çavuş Rəşad Hüseynlinin xatirəsi Culfa rayonunun Yaycı kəndində ehtiramla anılıb.

Anım tədbiri şəhidin məzarı başında keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, Sərhəd Qoşunlarının nümayəndələri, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə şəhid anaları İlhamə Quliyeva və Bahar Əhmədova, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini – icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Sərhəd Qoşunlarının nümayəndələri və şəhidin atası Ramiz Hüseynov çıxış ediblər. Natiqlər 44 günlük Vətən müharibəsində, 2022-ci ilin sentyabrında baş vermiş döyüşlərdə və 2023-cü ilin antiterror əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıblar. Vurğulanıb ki, Rəşad Hüseynli kimi qəhrəman övladlar və onların göstərdiyi şücaət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əsas sütunlarını təşkil edir və bu igidlər daim xalqın yaddaşında yaşayacaq.

  Qeyd edək ki, Rəşad Hüseynli 2000-ci il mayın 21-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2006–2017-ci illərdə doğma kəndində yerləşən 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018–2020-ci illərdə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti dövründə nümunəvi davranışı və peşəkarlığı ilə fərqlənən Rəşad, atıcı silahlarla yüksək səviyyədə işləmək bacarığına yiyələnib.

2021-ci ilin aprel ayından etibarən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. Şəki şəhərində snayper hazırlığı üzrə xüsusi kurs keçdikdən sonra snayper kimi xidmətini davam etdirib. Cəlilabad, Cəbrayıl və Zəngilan istiqamətlərində xidmət aparan Rəşadın ən böyük arzusu Vətəni bütöv və azad görmək olub.

2022-ci ilin sentyabrın 12–13-də Ermənistan tərəfindən bir neçə istiqamətdə törədilən genişmiqyaslı təxribatın qarşısının alınmasında iştirak edən Rəşad Hüseynli, Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Yaycı kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə baş çavuş Hüseynli Rəşad Ramiz oğlu “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ruhu şad olsun!

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Избранный
32
herbiand.az

1Источники