RU

Rusiyadan daha iki ölkəyə hərbi müdaxilə Parçalanma sürətlənir

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının NATO ölkələrinin hava məkanını pozması bölgədə gərginliyi artırıb. Belə ki, Rumıniya və Polşa qırıcılarını havaya qaldırmaq məcburiyyətində qalıb, hava həyəcanı siqnalı işə düşüb. Ekspertlər hesab edir ki, Rusiyanın bu addımı NATO ölkələrinin təhlükəsizliyini birbaşa sınağa çəkmək məqsədi daşıyır.

Rusiyanın bu həmləsi bölgədə hansı yeni gərginliklərə səbəb ola bilər? Burada əsas plan və hədəf nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyanın Polşa və Rumıniyaya hücum cəhdlərinin əsas məqsədi Avropanın təhlükəsizlik sisteminin zəifliyini göstərməkdir:

“Moskva bu yolla Avropa ölkələrinə təzyiq göstərmək və NATO-nu daxildən parçalamaq niyyətindədir. Şərqi Avropa dövlətləri, o cümlədən Fransa, hesab edirlər ki, NATO Avropanın təhlükəsizliyini tam təmin edə bilmir. Bu səbəbdən Avropa İttifaqının (Aİ) öz ordusunun yaradılması məsələsi gündəmə gəlir. Lakin ABŞ bu təşəbbüsə isti yanaşmır. Çünki Aİ-nin müstəqil ordusunun formalaşdırılması NATO daxilində problemlər yaradaraq alyansın zəifləməsinə səbəb ola bilər. Rusiya da məhz bu parçalanmanı sürətləndirməyə çalışır. Əgər Avropa eyni anda həm NATO, həm də Aİ ordusu ətrafında birləşsə, resurslar parçalanacaq və hərbi xərclər səmərəsiz bölünəcək. Nəticədə Aİ gələcəkdə NATO-ya ehtiyacın azaldığını düşünə bilər ki, bu da alyansın dağılmasına gətirib çıxarar”.

Politoloq qeyd edib ki, Aİ resurs baxımından Rusiya qarşısında özünü müdafiə etmək gücündə deyil və ABŞ-ın dəstəyinə ehtiyac duyur:

“Rusiyanın əsas hədəfi Şərqi Avropadır — həm coğrafi yaxınlıq, həm də regionun NATO üçün strateji rolu buna səbəb olur. Polşa və Rumıniya xüsusi önəm daşıyır, çünki burada ABŞ-ın hərbi bazaları yerləşir. Bu ölkələr NATO tərəfindən ən çox müdafiə olunan məkanlardır. Bu səbəbdən onların təhlükəsizliyi daha ciddi təhdid altındadır. Xüsusilə Polşa hazırda NATO daxilində əsas hərbi güclərdən biridir və ordusunu sürətlə gücləndirir. Rusiya isə məhz Polşanı ön plana çıxarmaqla Aİ-nin alternativ hərbi təşkilat qurmaq ideyasını qabartmağa çalışır. Polşanın baş naziri Donald Tusk uzun müddət Aİ rəhbərliyində çalışıb və təşkilat daxilində nüfuzlu siyasi fiqurdur. Onun hakimiyyətə qayıdışından sonra Rusiyanın Polşaya təzyiqləri daha da artıb və bu prosesin davam edəcəyi gözlənilir. Nəticə etibarilə, Rusiyanın əsas məqsədi NATO-nun, xüsusən də Şərqi Avropa istiqamətində, təhlükəsizlik zəmanətini şübhə altına almaq və Avropada yeni hərbi strukturların yaranmasına zəmin yaratmaqdır”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники