Əgər ABŞ tərəfdaşları həqiqətən də Ukraynadakı müharibəni dayandırmağa sadiqdirlərsə, Rusiyadan neft alan ölkələrə tariflər tətbiq etməkdə Vaşinqtona qoşulmalıdırlar. ABŞ-ın maliyyə naziri Scott Bessent sentyabrın 12-də G7 maliyyə nazirləri ilə telefon danışığı zamanı prezident Donald Trampın bu çağırışını təkrarlayıb.
Bessent və ABŞ-ın ticarət müzakirəçisi Jamison Greer də sanksiyalar təzyiqini artırmaq və Ukraynanın müdafiəsini daha da gücləndirmək üçün Rusiyanın dondurulmuş suveren aktivlərindən istifadə imkanlarını araşdırmaq öhdəliklərini alqışlayıb.
"Yalnız Vladimir Putinin müharibə maşınının maliyyə mənbələrini kəsmək üçün birgə səylə biz mənasız qətliamlara son qoymaq məqsədilə kifayət qədər iqtisadi təzyiq göstərə bilərik", - ABŞ Maliyyə Nazirliyi Bessent və Greerdən sitat gətirib.
Onlar bildiriblər ki, ABŞ artıq Rusiya neftinin alıcılarına qarşı qəti addımlar atıb. Vaşinqton “bu kritik anda qətiyyətli addım atmaq üçün” G7 tərəfdaşlarının ona qoşulmasını gözləyirdi.
G7 üzvləri olan Avropa ölkələri nəyə görə Rusiyadan neft alan ölkələrə əlavə tarif tətbiqinə getmirlər? Axı Tramp açıq şərt qoyur ki, siz bunu edin, mən də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edim. Burada hansısa bir oyunmu gedir?
Baki-xeber.com nəşrinə görə, burada siyasi kombinasiya əslində həm geosiyasi balans, həm də iqtisadi maraqlar üzərində qurulub.
Rusiya nefti və qazı uzun müddət Avropanın enerji təhlükəsizliyində strateji paya malik olub. Ukrayna müharibəsindən sonra Avropa Birliyi (AB) və G7 artıq Rusiyanın xam neftinə qarşı qiymət tavanı (price cap) tətbiq edib, lakin bu, tam embarqo deyil. Bu alətlə AB və G7 həm Rusiyaya təzyiq göstəririr, həm də ucuz neft əldə edir.
Avropada bəzi ölkələr (məsələn, Almaniya və İtaliya) alternativ mənbələrə yönəlsələr də, hələ də enerji qiymətlərindəki sabitlikdən asılıdırlar. Tariflərin artırılması enerji bazarında yeni dalğalanmalara və sosial-iqtisadi gərginliyə səbəb ola bilər. Ona görə də bu dövlətlər, ABŞ-dən fərqli olaraq, tarif alətinə həssas yanaşırlar.
ABŞ və Avropanın maraqlarındakı fərq faktoru da elə bu məsələdə yaranır.
ABŞ enerji ixracatçısıdır (xüsusilə LNG - mayeləşdirilmiş qaz). Avropa isə əsasən idxalçıdır. Bu səbəbdən ABŞ üçün Rusiya neftinə əlavə tariflər qoyulması həm Moskvanı zəiflətmək, həm də Avropa bazarında öz enerji məhsullarına daha çox yer açmaq deməkdir.
Avropa isə belə tariflərlə öz iqtisadiyyatına əlavə zərbə endirməkdən çəkinir. Yəni ABŞ-ın dediyi addımı atmaq Avropa üçün daha baha başa gəlir. Çünki ABŞ LNG-si Avropaya rus qazından və neftindən xeyli baha başa gəlir.
Digər tərəfdən, Trampın şərti (“siz tarif qoyun, mən əlavə sanksiya tətbiq edim”) Avropaya təzyiq vasitəsidir. Amma Avropa liderləri bu məsələdə Trampın siyasətinə tam güvənmirlər. Ona görə ki, ABŞ-da, xüsusilə Tramp adminstrasiyası dönəmində, siyasət tez dəyişə bilir.
Avropa hesab edir ki, Rusiya üzərinə çox sərt və koordinasiyalı təzyiq enerji qiymətlərini yüksəldərək Moskvanın gəlirlərini azaltsa da, eyni zamanda Çin, Hindistan kimi ölkələrin ucuz neftlə daha çox qazanmasına şərait yarada bilər. Yəni G7 daxilində konsensus yoxdur: ABŞ daha aqressiv yanaşır, Avropa isə maliyyə sanksiyaları ilə razıdır, amma enerji tarifləri məsələsində ehtiyatlı davranmağa üstünlük verir.
Bəli, müəyyən mənada bunu geosiyası-strateji oyun da adlandırmaq olar. ABŞ həm Rusiyanı zəiflətmək, həm də Avropanın enerji bazarında üstün mövqeyini gücləndirmək istəyir. Avropa isə həm Rusiya asılılığından qurtulmaq, həm də enerji böhranı və sosial partlayış risqlərindən qaçmaq istəyir. Ona görə də tərəflər, “eyni komandada” görünmələrinə baxmayaraq, taktiki fərqlərlə hərəkət edirlər.
Bir qədər konkretləşdirsək, Avropa ölkələri Rusiyadan neft alanlara tarif tətbiqinə ona görə qoşulmur ki, bu addım onların öz iqtisadiyyatına ABŞ-dan daha ağır təsir edir. Trampın təklifi isə daha çox siyasi təzyiq və iqtisadi oyun xarakteri daşıyır.
Akif NƏSİRLİ