RU

IGB qaz ixracı üçün yeni transsərhəd güclərin işə salınması barədə danışıb

BAKI, TurkicWorld

Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGB şirkəti iştirakçı qaznəqliyyat sistemi operatorları ilə birlikdə iki yeni transsərhəd paket güc məhsulunun işə salınması üçün müvafiq sənədləri Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın milli tənzimləyici orqanlarına təqdim edib.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq ICGB şirkətindən bildirilib.

"Hazırda operatorlar tənzimləyici təsdiqi gözləyirlər. Təqdim olunmuş sənədlərdə qeyd olunur ki, məhsulların oktyabr ayında təklif olunması planlaşdırılır. Əgər icazə vaxtında əldə olunmasa, müddətin sonrakı aylara qədər uzadılması imkanı nəzərdən keçirilir", – şirkətdən bildirilib.

ICGB-də vurğulanıb ki, paralel olaraq milli tənzimləyici orqanlarla sıx dialoq çərçivəsində məhsulların dizayn elementlərinin dəqiqləşdirilməsi və onların bazara çıxarılmasının ən səmərəli üsulu üzərində işlər davam edir.

Xatırladaq ki, ICGB Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın qaznəqliyyat sistemi operatorları ilə əməkdaşlıq çərçivəsində iki yeni transsərhəd paket güc məhsulunu — Route 2 və Route 3-ü işə salmağa hazırdır. Bu strateji qaz nəqli marşrutları regional enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib və Aleksandrupolis LNG terminalı və Trans Adriatik Boru Kəməri (TAP) sistemi ilə birləşmə vasitəsilə Şimali Yunanıstandan Ukraynaya əlavə birbaşa çıxış təmin edəcək.

Route 2 və Route 3 daha əvvəl elan olunmuş və "Şaquli qaz dəhlizi" təşəbbüsünün bir hissəsi olan Route 1 üzrə birgə paket güc məhsulunu inkişaf etdirir. Onların əsas məqsədi qış mövsümü ərəfəsində təbii qazın Ukraynanın yeraltı anbarlarına vaxtında və iqtisadi cəhətdən səmərəli şəkildə vurulmasını təmin etməkdir.

Route 2 DESFA şəbəkəsindəki Amfitriti interkonnektoru nöqtəsindən başlayır, Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə keçir və Transbalkan dəhlizi üzrə aşağıdakı marşrutu izləyir:

Amfitriti → Komotini (IGB) → Stara-Zağora → Negru-Voda 1 / Kardam → İsakça 1 / Orlovka → Kauşanı → Qrebeniki.

Route 3 ICGB-nin TAP ilə birləşdiyi nöqtədən başlayır və eyni marşrut üzrə davam edir:

Komotini (TAP-dan IGB-yə giriş) → Stara-Zağora → Negru-Voda 1 / Kardam → İsakça 1 / Orlovka → Kauşanı → Qrebeniki.

Məhsulları bazar iştirakçıları üçün daha kommersiya baxımından cəlbedici etmək məqsədilə bütün iştirakçı qaz nəqli sistemi operatorları standart aylıq tariflərdən 25 faizlik endirim tətbiq etməyə razılaşıblar. ICGB və Ukraynanın qaz nəqli sistemi operatoru (GTSOU) isə daha da irəli gedərək, hər biri 46 %-lik endirim təklif edib.

Избранный
40
2
turkic.world

3Источники